ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İlin əvvəlindən etibarən müxtəlif gimnastika növləri üzrə Dünya Kuboku mərhələlərinə ev sahibliyi edən Bakı bu dəfə akrobatika və aerobika üzrə yarışları qəbul edəcək. İyunun 5-7-də Milli Gimnastika Arenasında qeyri-olimpiya növlərinin nümayəndələri maraqlı formatda mübarizə aparacaqlar.
İdman.Biz xəbər verir ki, ötən il paytaxtda akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilmişdi. Bu dəfə isə proqrama aerobika üzrə mərhələ də əlavə olunub. Azərbaycan yığmasının baş məşqçisi Marian Kolev yarışın maraqlı ssenari üzrə təşkil olunacağını bildirib.
“Azarkeşlər üçün yarışları izləmək xüsusilə maraqlı olacaq. Çünki onlar eyni vaxtda iki gimnastika növünün nümayəndələrinin çıxışlarını seyr edə biləcəklər. Buna görə də turnirin formatı kifayət qədər maraqlı görünür və mərhələ həm iştirakçıları, həm də tamaşaçıları sonadək gərginlikdə saxlayacaq”, - deyə Kolev qeyd edib.
Komandanın heyətində Avropa çempionları Vladimir Dolmatov və Mədinə Mustafayeva yer alıblar. Həmçinin qadınlardan ibarət üçlük - Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva də bacarıqlarını nümayiş etdirəcək.
Kolev evdə keçiriləcək yarışın komanda üçün mühüm sınaq olacağını da vurğulayıb:
“Ötən il Gəncədə keçirilən Avropa çempionatında çıxış etdik, indi isə milli yenidən Bakıda doğma azarkeşlər önündə proqramlarını nümayiş etdirməyə hazırlaşır. Dünya Kubokuna böyük məsuliyyət və yüksək ümidlərlə yanaşırıq. Əsas gözləntilərimiz isə qarışıq cütlük olan Mədinə Mustafayeva və Vladimir Dolmatovla bağlıdır”, - deyə bolqar mütəxəssis bildirib.
Turnirdə İtaliya, Bolqarıstan, Rusiya, Türkiyə, Əlcəzair və Ukrayna da daxil olmaqla yeddi ölkədən aerobika ustaları iştirak edəcəklər. Ümumilikdə xalça üzərinə 33 gimnast çıxacaq.
Akrobatika üzrə Dünya Kubokunda isə Avstraliya, Qazaxıstan, İspaniya, Gürcüstan, Rusiya, Bolqarıstan, Polşa və Ukrayna təmsilçiləri qüvvələrini sınayacaqlar. Yarışda iştirak edəcək gimnastların sayı 100-ü ötüb.
Azərbaycanı kişilərdən ibarət duetlərdə Daniel Abbasov və Murad Rəfiyev, həmçinin Seymur Cəfərov və Rəsul Seyidli təmsil edəcəklər. Bundan əlavə, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu da iştirak ərizəsində yer alıb.
Dünya Kubokunun əsas favoritlərindən biri ötən il Ümumdünya Oyunlarının gümüş medalını qazanan, həmçinin Dünya Kuboku seriyasının yekun qalibi olan Murad Rəfiyev və Daniel Abbasov duetidir. Azərbaycan akrobatlarının nailiyyətləri sırasında dünya çempionluğu titulu da var.
Qadın qrupu isə bu mövsüm Belçikada keçirilən Dünya Kuboku mərhələsində birinci yeri tutub və doğma meydanda uğurunu təkrarlamaq əzmindədir.
Zəki Feyzullayev
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.