Ermənistanda parlament seçkiləri öncəsi debatlar daha da sərtləşir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan seçkiqabağı çıxışı zamanı Ermənistanın Rusiya ilə münasibətləri korlamasının qəbuledilməz olduğunu bildirib və Avropa istiqamətinə skeptik yanaşıb.
Tsarykyanın iddiasına görə, Ermənistanın Rusiya ilə münasibətləri pozmaq kimi “lüksə” imkanı yoxdur.
“Rusiya ilə münasibətləri korlamaq yolverilməzdir. Ermənistanda çox sayda insan Rusiyada işləyir və vətənə böyük həcmdə pul göndərir”,-deyə o, məsələni bu cür izah edib.
Erməni siyasətçi hesab edir ki, Avropa bazarlarına çıxış barədə gözləntilər real deyil və belə bir proses uzun illər tələb edə bilər.
“Onlar Avropa bazarını 10 ilə də aça bilməyəcəklər. Türkiyə neçə illərdir bunu edə bilmir. Bu insanlar iflas edəcəklər”, — deyə Tsarukyan qeyd edib
Qeyd edək ki, seçki kampaniyası dövründə Ermənistanın xarici siyasət kursu əsas müzakirə mövzularından birinə çevrilib. Hakimiyyət Avropa ilə yaxınlaşmanı və iqtisadi şaxələndirməni vurğuladığı halda, müxalifət daxilindəki bir sıra qüvvələr Rusiya ilə münasibətlərin prioritet saxlanmasını müdafiə edir.
Musavat.com