Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi “Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) qlobal enerji gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” qlobal tədbirlər təqvimində həmişə gözlənilən hadisələrdən biri olub. İyunun 1-də hazırda regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” 31-ci dəfə fəaliyyətə başlayıb”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı tarixə qısa ekskurs edib, ABŞ-nin liderliyi ilə güclü beynəlxalq əməkdaşlıq formatında keçilən yolda qazanılan böyük uğurlardan məmnunluğunu bildirib, enerji diplomatiyasının yeni çağırışlarına diqqət çəkib. Ümumiyyətlə, “Bakı Enerji Həftəsi”ndən bəhs edərkən ilk növbədə tarixə nəzər salmaq lazımdır. Bu tədbirin təməlində dayanan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. “Bakı Enerji Həftəsi”ni qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biri kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır”.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Dövlətimizin başçısının “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini təsdiqləyir. ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin tədbir iştirakçılarına məktublar ünvanlamaları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha ifadə edir. Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya “Bakı Enerji Həftəsi”ndə milli pavilyon ilə təmsil olunur.