Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi
“Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) qlobal enerji gündəliyinin aktual məsələlərinin
müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Təşkil edildiyi illər ərzində
“Bakı Enerji Həftəsi” qlobal tədbirlər təqvimində həmişə gözlənilən hadisələrdən
biri olub.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev
deyib. Deputat bildirib ki, iyunun 1-də “Bakı Enerji Həftəsi”nin açılış mərasimində
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı tarixə ekskurs
edib, ABŞ-nin liderliyi ilə güclü beynəlxalq əməkdaşlıq formatında keçilən
yolda qazanılan böyük uğurlardan məmnunluğunu bildirib, enerji diplomatiyasının
yeni çağırışlarına diqqət çəkib.
Ümumiyyətlə, “Bakı Enerji Həftəsi”ndən bəhs edərkən
ilk növbədə tarixə nəzər salmaq lazımdır. Bu tədbirin təməlində dayanan Xəzər
Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub.
Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və
qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir
ilk milli sərgi brendimiz kimi tarixə düşüb. “Bakı Enerji Həftəsi”ni qlobal
enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biri kimi səciyyələndirən dövlətimizin
başçısı vurğulayıb: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda
çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi”
adlanır”.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə
dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Dövlətimizin
başçısının “Bakı Enerji Həftəsi”nin
açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini təsdiqləyir.
ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya
liderlərinin tədbir iştirakçılarına məktublar ünvanlamaları bu tədbirin beynəlxalq
ictimaiyyət üçün əhəmiyyətini bir daha ifadə edir. Bu il “Bakı Enerji Həftəsi”ndə
dünyanın 44 ölkəsindən 274 şirkət iştirak edib. Tədbirin coğrafiyası Azərbaycanla
yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş
Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının
Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya,
İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva,
Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya,
Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və
digərlərini əhatə edir. Almaniya və Rusiya “Bakı Enerji Həftəsi”ndə milli
pavilyon ilə təmsil olunur.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni
şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq
maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici
şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli
beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha
nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri
sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji
sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
“Azərbaycan Prezidenti çıxışında “Bakı Enerji Həftəsi”nin
fəaliyyətinə önəm verən dünya liderlərinə təşəkkürünü ifadə edib. “Mən nəzakətli
məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş
Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü
bildirirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyevin
vurğuladığı kimi, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və
şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin
dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə
sıxışdırılırdılar. Əslində, belə manipulyasiyaların yeganə məqsədi
karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərə təzyiq göstərmək idi. Bəlli dairələr özlərinin
çirkin məqsədlərini pərdələmək məqsədilə ekoloji problemləri, qlobal istiləşməni
bəhanə gətirirdilər. Ağ Evdə administarsiya dəyişikliyindən sonra belə əsassız
iddiaların səngidiyi müşahidə edilir”,-deyən Samir Vəliyev əlavə edib ki, Ağ
Evdə administarsiya dəyişikliyindən sonra Azərbaycan və ABŞ liderləri arasında
səmimi münasibətlər formalaşıb. Dövlət başçılarının müntəzəm qaydada məktublaşmaları
və bir-birlərinin ünvanına xoş sözlər ifadə etmələri bunun əyani təsdiqidir.
Xüsusi olaraq vurğulayaq ki, ABŞ lideri Azərbaycan Prezidenti İlham Əliyevə
xitab edərkən bir qayda olaraq “Böyük Lider” ifadəsini dilə gətirir ki, bu da
Azərbaycannın dövlət başçısının dünyada artan nüfuzunun daha bir təsdiqidir”-
deyə Samir Vəliyev bildirib.
“Azərbaycan”