EN

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Bakı, 3 iyun, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə Dənizkənarı Milli Parkda Uşaq Atletikası Gününə həsr olunmuş yarış təşkil edilib.

Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.

Bildirlib ki, tədbir çərçivəsində uşaqlar və yeniyetmələr arasında müxtəlif məsafələrə qaçış yarışları keçirilib. “Kids RunFest” layihəsi çərçivəsində təşkil olunan yarışda 7–13 yaş aralığında təxminən 200 uşaq iştirak edib.

Fondun təşəbbüsü ilə yarışa şəhid ailələrinin və müharibə iştirakçılarının 30-a yaxın övladı da cəlb olunub. Bu təşəbbüs uşaqların sosial inteqrasiyasının dəstəklənməsi, onların sağlam həyat tərzinə təşviq edilməsi və cəmiyyətdə həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

Yarışdan əvvəl iştirakçılara təhlükəsizlik qaydaları, yarış marşrutu və tədbirin proqramı barədə ətraflı məlumat verilib, həmçinin onların fiziki və psixoloji hazırlığı məqsədilə müvafiq təlimatlandırma işləri aparılıb.

Tədbirin sonunda müxtəlif yaş qrupları üzrə qaliblər mükafatlandırılıb, bütün iştirakçılara isə xatirə sertifikatları və təşəkkürnamələr təqdim olunub.

Benefisiarların yarışda iştirakı Azərbaycan Atletika Federasiyası və Camphood tərəfindən dəstəklənib.

Chosen
25
1
azertag.az

2Sources