EN

Avropanın enerji bazarı Azərbaycansız nə gündə ola bilərdi?!...



Fikrət Yusifov: “Azərbaycan Avropanın qaz təminatında yeni bir oyunçu kimi meydana çıxdı”

“Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir”. Bunu Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Ölkə başçısı qeyd edib ki, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik: “Keçən il burada - “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi”.

Bütün bu deyilənlərin fonunda, əgər Azərbaycanın rolu olmasaydı bu gün Avropanın enerji bazarı hansı vəziyyətdə olardı? Hansı ciddi çətinliklərlə üzləşərdilər?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun fikrincə, Avropa enerji bazarı Rusiyanın Ukraynaya qarşı açdığı savaşla bağlı artıq çoxdan idi öz stabilliyini itirmişdi: “2022-ci ilin fevral ayının 24-dən etibarən Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə isə Avropa bazarında Rusiya qazının xüsusi çəkisi kəskin şəkildə azaltdı. Belə ki, əgər 2021-ci ildə Rusiya Avropanın qaza olan tələbatının 45 faizə qədərini təmin edirdisə, indi bu rəqəm 10 faiz ətrafındadır. Bu səbəbdən qoca qitənin alternativ qaz mənbələrinə çox böyük ehtiyacı yaranıb. Belə bir durumda Azərbaycan Avropanın qaz təminatında yeni bir oyunçu kimi meydana çıxdı. Azərbaycan qazı Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılmış Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın şərqində yerləşən ölkələrin qaz təminatında həlledici rola sahibləndi. Biz artıq bir neçə ildir ki, Avropada Azərbaycan qazından istifadə edən ölkələrin sayının durmadan artdığına şahidlik edirik. Yaxın gələcəkdə bu sayın bir qədər də artacağı gözləniləndir. Çünki Azərbaycan özünün yeni qaz yataqları hesabına Avropaya qaz nəqlini artırmaqda davam etmək niyyətindədir. Avropanın enerji təchizatında həlledici rola sahiblənən Azərbaycan atdığı bu addımlarla yalnız iqtisadi mənfəət əldə etmir. Bununla ölkəmiz eyni zamanda mühüm siyasi dvidentlər qazanır. Bu günə biz dünyanın 16 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv olan 10 ölkəyə qaz satırıqsa, yaxın gələcəkdə bu ölkələrin sayının 20 və daha artıq olacağı heç şübhəsizdir. Bir neçə ildən sonra ölkəmizdən yaşıl enerjinin Avropa ölkələrinə çatdırılması isə Azərbaycanın həm siyasi və həm də iqtisadi əhəmiyyətini daha da artıracaq”.

Vidadi ORDAHALLI

Chosen
31
baki-xeber.com

1Sources