EN

Yeni milli ideya: növbəti mərhələ üçün yol xəritəsi

Dövlətçilik, milli mənafe, müəyyənləşdirilmiş hədəflər

Mürəkkəb struktura malik olan, eyni zamanda xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edən dövlət həm də sosial-ideoloji inkişafın proyeksiyasıdır. Milli düşüncəni, mədəniyyəti, dili, dini, tarixi, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik kimi anlayışları kompleks şəkildə özündə ehtiva edən milli identikliyin spesifikasiyasının güclənməsi milli dövlətin güclənməsi ilə düz mütənasibdir. Başqa sözlə, dövlətin gücü onu yaradan, yaşadan və inkişaf etdirən amillərin müasir çağırışlarla səslənməsi, yeni dövrə uyğunlaşdırılması, yeni hədəflərin müəyyənləşməsinə əsaslanır. 

Milli dövlət: konseptual əsasların ideoloji davranışlarla vəhdəti

1993-cü ilin iyunundan etibarən özünün müstəqil, vahid milli və siyasi təməllərini yaradan, milli dövlət davranışlarına əsaslanan Azərbaycan  qlobal dünyaya inteqrasiyasını öz dövrünün siyasi hədəfləri ilə uzlaşdırırdı. Həssas bir məqamda dövlətin bütövlüyünü qorumaq, separatizmin vəba kimi yayılmasının qarşısını almaq, nəhayət milli kimliyi vahid milli identiklik üzərində formalaşdırmaqla yeni inkişaf strategiyası müəyyənləşdirildi – azərbaycançılıq ideologiyası uzun bir dövr üçün həm bütövlüyün, həm tarixi keçmişimizin, irsimizin qorunmasının, həm milli birliyin uğur formuluna çevrilməsinin, həm də dövlətçilik konsepsiyasının müasir inkişaf çalarları ilə zənginləşdirilməsinin əsasını təşkil edib. Günümüzdə də öz aktuallığını qoruyan, konseptual əsaslarını isə daha da genişləndirən bu milli ideoloji təməl müasir Azərbaycanın işıqlı yoluna çevrildi.

Milli ideya məsələsi ulu öndər Heydər Əliyev siyasi kursunun bütün istiqamətləri üzrə baza şərtidir – 1993-2003-cü illərdə əsas prioritet olaraq vahid milli proqramın formalaşdırılması, bütün cəmiyyətin (hətta dünya azərbaycanlılarının) bu milli proqramın gerçəkləşdirilməsinə səfərbər olunması, bu yolla Azərbaycanla bağlı qlobal streotipalərin aşılmasının təmin edilməsi əsas hədəf idisə, sonrakı mərhələdə prosesin istiqaməti və mahiyyəti daha da gücləndirildi, zənginləşdirildi.

İdeoloji əsaslandlırma: bir nömrəli problemin həllinə aparan yollar…

2003-cü il prezident seçkilərində qəti qələbə qazanan İlham Əliyev andiçmə mərasimində xalqa əminlik verdi: Ulu Öndər Heydər Əliyev siyasi kursu davam etdiriləcək. Bu siyasi-ideoloji əminlik özündə dövlətin inkişaf istiqamətlərinin dəyişməzliyini, prioritetlərə gedən yolun daha güclü və yeni dövrün tələbləri əsasında qurulacağını ehtiva edirdi:

- Dövlətçiliyin inkişafı əsas prioritetdir;

- İqtisadi güc milli gücə çevriləcək;

- İlkin mərhələdə regional, sonradan isə daha geniş coğrafiyada aparıcı siyasi-iqtisadi aktor fəaliyyəti əldə olunacaq;

- Dövlətin qlobal münasibətlər sisteminə uğurlu transformasiyasının gücləndirilməsi təmin ediləcək…

… - Və nəhayət, Qarabağ probleminin həlli dövlətin bir nömrəli məqsədi kimi müəyyənləşdiriləcək…

Bəli, 2003-cü ilə qədər Qarabağ probleminin həlli məsələsi dövlətin əsas fundamental göstəricilərinin – siyasi və iqtisadi qüdrətinin artırılması, hərbi gücünün inkişaf etdirilməsi, sosial dayaqlarının möhkəmləndirilməsi ilə paralellik daşıyırdısa, 2003-cü ildən sonrakı mərhələdə Azərbaycanın həll edəcəyi bir nömrəli məsələsi kimi identiklik qazandı. Cənab İlham Əliyev əsas hədəf olaraq Qarabağın azad edilməsi, işğalın aradan qaldırılması məsələsini qoydu – xarici siyasətimizin əsas istiqaməti, diplomatiyamızın hücum ştrixləri ilə zənginləşdirilməsi, qlobal tərəfdaşlığın verdiyi imkanların yaratdığı üstünlüklər birmənalı şəkildə bu prioritetə kökləndi. Nəticə isə özünü çox gözlətmədi – cəmisi 20 il sonra Azərbaycan bölgənin:

- İnkişafı ilə göz oxşayan;

- Torpaqlarını işğaldan azad edən;

- Qlobal layihələrin əsas tərəfdaşı kimi çıxış edən;

- Regional müzakirələrin əsas söz sahibinə çevrilən;

- Əməkdaşlıq platformalarının sərhədlərini və mahiyyətini müəyyənləşdirən dövlət statusunda çıxış edir. Azərbaycan mühüm bir inkişaf mərhələsini arxada qoydu – yeni dövr üçün isə yeni milli ideyanın müəyyənləşdirilməsi həm də yeni inkişaf yolunu müəyyən edəcək.

Strateji inkişaf: yeni dövrün yeni hədəfləri…

"Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır". Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın gələcəyinin konturlarını müəyyənləşdirdi – cəmiyyəti işıqlı, güclü, sosial dayanıqlığı təmin edilmiş, milli ideyasını milli gücə çevirməyə kilidlənmiş Azərbaycan üçün müzakirələrə dəvət etdi. Qarşıdakı mərhələ üçün isə… "Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz".

Milli ideya: tarixi inkişafın "Zəfər konsepsiyası" mərhələsi

Qarşıdakı inkişaf mərhələsi özündə qısamüddətli perspektivdə işğaldan azad edilmiş regionların abadlaşdırılmasını, yenidən qurulmasını, Böyük qayıdışı ehtiva edirsə, uzunmüddətli perspektivdə daha fərqli istiqamətləri müəyyənləşdirəcək. Keçmişini unutmadan gələcək qurmaq  - yeni çağırışlara köhnə nümunələrin fonunda yanaşılması ictimai davranışın təbii refleksidir. Azərbaycan Prezidenti müsahibəsində tarixə müraciəti xüsusi məntiq və məna kəsb edir – yenə də əsas aparıcı xətt olaraq milli ideyanın milli güclə mütənasibliyinə fokuslanırıq. Azərbaycan dövlətinin gücü yeni milli ideyalarına diqqət  kəsiləcək. Vətən müharibəsi, antiterror tədbirləri zamanı dünyaya nümayiş etdirilən milli birlik nümunəsi, Vətənə bağlılıq, milli ideyaya sədaqət həqiqəti yeni çağırışlar üçün ən uğurlu bazadır. "Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik" fikri həm də gələcək inkişaf strategiyasının çoxvektorlu istiqamətlərinin anonsudur. Güclü dövlət anlayışının milli maraqlar, vətəndaş mənafeyi, milli kimlik identikliyi üzərindən yürüdülməsi növbəti inkişaf mərhələsini yeni "Zəfər konsepsiyası" kimi də fərqləndirir…

Pərviz SADAYOĞLU

Chosen
459
50
yeniazerbaycan.com

10Sources