EN

Fehruz Səxavət: Məzarı başında qardaşımla söhbət elədim...MÜSAHİBƏ

Ağdam, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ bölgəsinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri var. Təsadüfi deyil ki, Qarabağ Azərbaycanın musiqi beşiyi, Ağdam isə “Qarabağın toy otağı” adlandırılır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Qarabağda yaşayıb-yaratmış musiqiçilər böyük rol oynayıblar. Onlardan birinin - əməkdar artisti Fehruz Səxavətin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Xoş gördük Fehruz müəllim, necəsiniz?

- Sağ olun, yaxşıyam. Qarabağımız artıq azaddır, doğulub böyüdüyüm, havasını udduğum, suyunu içdiyim o torpaqlar düşmən tapdağından xilas edilib. Necə yaxşı olmayım..?

- Qarabağda doğulub böyümüsünüz. Uşaqlıq və gəncliyinizin keçdiyi yerləri necə xatırlayırsınız?

- Bəli, Qarabağda doğulub böyümüşəm. Özü də Qarabağın ən səfalı yerlərindən olan Abdal-Gülablı kəndində. Bizim kənd çox səfalıdır. Meşəsi, təbiəti, havası, suyu ilə fərqli yerdir. Otuz il həsrət qaldıq, amma bir gün də olsun yaddan çıxmadı. Mən əsgərliyə gedənə qədər orada yaşamışam. Hadisələr başlayanda əsgərliyə getdim, kəndimiz işğal olundu. Kəndimizin hər bir izi, hər bir cığırı xatirimdədir. Hər zaman mənim içimdə bir hiss var idi ki, biz qayıdacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizin canını sağ eləsin. Böyük şücaətlə, həmçinin qətiyyətli tədbirlər nəticəsində torpaqlarımızı qaytardıq. Buna görə fəxr edirik. Əminəm ki, bundan sonra xalqımız əmin-amanlıq içində yaşayacaq. Sanki bu, bir sınaq idi. Allah-təla bunu bizim xalqımıza bir sınaq kimi verdi ki, bu yerlərin, bu torpağın qədrini bilək. Heç nəyimiz olmasa da, torpağımız olsun. Buna görə də şükür edirik. Əminəm ki, insanlarımız, orada böyüyən nəsillər o torpaqların qədrini əbədi biləcəklər.

- Yəqin ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra kəndinizi ziyarət etmisiniz. 30 ildən sonra doğma yurda qədəm qoyanda hansı hissləri keçirdiniz?

- O, elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Deyirdim ki, mən ora tək gedəcəyəm. Çünki bilmirdim ki, orada hansı hissləri keçirəcəyəm, ağlayacammı, güləcəmmi? Sevincdən və kədərdən insana hər şey ola bilər, çox hallara düşə bilər. Ona görə də ora tək getdim. Nə ağlaya bilirdim, nə gülə. Elə bir hiss idi ki, insan onu daxilində yaşayır. Bütün xatirələrim - əvvəlki və indi gördüyüm mənzərə insanda tamam başqa hisslər yaradır. Vaxtilə gəzdiyim yerlər, meşələr, bulaqlar yerindədir. Amma... Amma kənd yoxdur, evimiz yoxdur, ağaclarımız yoxdur... Kənddən heç bir əlamət qalmayıb. Buna baxmayaraq, dağlar, meşələr insana elə xoş təəssürat bağışlayır ki... Çünki orada böyümüşəm. Şükür olsun ki, böyüdüyüm bu torpaqları bir də görə bildim. Əlbəttə, şəhərlərimizi, kəndlərimizi yenidən quracağıq. Əvvəlkindən də yaxşı olacaq.

- 30 il əvvəl kəndinizi tərk edəndə sizin üçün mənəvi cəhətdən daha dəyərli olan qardaşınızın qəbrini də qoyub getmişdiniz...

- Bəli, kəndimizə gedəndə əvvəlcə qəbiristanlığa baş çəkdim, qardaşım Səxavətin qəbrini ziyarət elədim. İnsanın içindən çox hislər keçir. Məzarı başında qardaşımla söhbət elədim... Sanki yenidən görüşdük, çox çətindir... Elə bil bu dünyadan heç köçməyib. Mənim qəlbimdə həmişə yaşayır. İnsan dünyadan köçdükdən bir müddət sonra unudulur. Amma əgər bir insan hər gün anılırsa, adı hər gün yüz dəfə, min dəfə çəkilirsə, hamı ona rəhmət oxuyursa, sənətindən, xeyirxahlığından danışırsa, o insan ölmür. Səxavət dövlətini, xalqını, Vətənini çox sevirdi, torpağa bağlı insan idi. Çox həssas idi. Əgər o sağ olsaydı, torpaqlarımızın işğalına dözə bilməzdi. O, torpaqlarımızın işğalını görmədi. Kənddən də çıxmadı...

- Bilirik ki, Gülablı kəndi Azərbaycan incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bir az da bu barədə danışardınız.

- Abdal və Gülablı çox qədim kəndlərdir. Bu kəndlərdən böyük sənətkarlar çıxıb. Qarabağda bəlkə də yeganə kənddir ki, aşıq sənəti inkişaf edib. Aşıq Valeh, Aşıq Abbasqulu, Aşıq Əkbər kimi aşıqların adını çəkmək olar. Kənddə Aşıq Xaspolad var idi ki, 15 aşığın adını çəkərdi. Bunlar göstərir ki, Abdal-Gülablı aşıqlar yetirən bir torpaq olub. Sənətkarlardan tarzən Qurban Pirimov, Xalq Artisti Sara Qədimova, gitaraçı Rəmiş, xanəndə Səxavət Məmmədov, cavanlardan Güllü Muradova, Pərviz Qasımov, Səbinə Ərəbli Abdal-Gülablının yetirdiyi sənətkarlardır.

- Altı aydan artıqdır ki, Ağdam Musiqi Kollecinə rəhbərlik edirsiniz. Bu dövrdə kollecdə hansı yeniliklər olub?

- Vaxt var idi ki, Ağdam Musiqi Kolleci Asəf Zeynallı adına musiqi kolleci ilə rəqabət aparırdı. Müharibə xalqımıza həm maddi, həm də mənəvi cəhətdən çox ziyan vurdu. Eləcə də musiqi sahəsinə. Ağdam Musiqi Kolleci də didərgin düşdü. Yaxşı müəllimlər getdi. Kollec tənəzzülə uğradı.

Çalışırıq ki, kollecin keçmiş şöhrətini qaytaraq. Birinci növbədə, nizam-intizam yaratmağa nail olmuşuq. Bir də ən əsas kadr məsələsidir. Tələbələrə keyfiyyətli dərslər keçilməsi üçün mütləq yeni kadrlar lazımdır. Ondan sonra kollecin dərs keyfiyyəti düzələcək. Çalışacağıq ki, yaxşı kadrlar cəlb edək. İstər xanəndəlik, istərsə də, tar, kaman və digər ixtisaslar üzrə Bakıdan müəllimlər gəlsin, ustad dərsləri keçsinlər, kollecin müəllimlərinə öz tövsiyələrini versinlər.

Son aylarda xeyli müsbət dəyişikliklər var. Hazırda kollecdə imtahan dövrüdür. Birinci kursda vəziyyət yaxşıdır. Çünki sentyabrdan kollecdə nizam-intizam yaradılıb. Amma üçüncü-dördüncü kurslarda vəziyyət elə də qənaətbəxş deyil. Həmin tələbələrin təhsil dövrü pandemiya vaxtına düşdü. Çalışırıq onlar da yaxşı olsunlar. Tövsiyələr verir, iradlar bildiririk. Yəqin ki, yay imtahanlarına qədər daha yaxşı olacaq.

- Bu gün ifaçılığa meyl edən gənclərin səviyyəsi, səsi sizi qane edirmi?

- Səsi Allah verməlidir. İndi elə bir dövrdü ki, hamı oxuyur. Amma elə olmamalıdır. Musiqi musiqiçinin canında olmalıdır. Uşaqlıqdan kimin həvəsi, qabiliyyəti hansı sahəyədirsə, o istiqamətə getməlidir. Biri riyaziyyata, digəri tarixə meyillidir. Kimisinin də gözəl səsi, duyğusu var, oxuyur. İstedad uşaqlıqdan bəlli olanda və öz istedadına uyğun yolla gedəndə hər şey yerini tutur. İstedadı yetişdirən isə hava, torpaq, sudur. Artıq Qarabağ işğaldan azad edilib. Yenə də Qarabağımızdan gözəl səslər, istedadlar çıxacaq.

- Fehruz müəllim, müsahibə üçün təşəkkür edirik.

- Çox sağ olun.

Chosen
387
50
azertag.az

10Sources