
Bakı, 11 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski NATO ölkələrinin müdafiə nazirlərinin görüşünün keçiriləcəyi Brüsselə səfər edib.
AZƏRTAC Belga agentliyinə istinadla xəbər verir ki, tədbir çərçivəsində Ukraynaya silah tədarükü üzrə kontakt qrupunun və NATO-Ukrayna Şurasının iclasları olacaq.
Ukraynanın dövlət başçısı səfəri zamanı ikitərəfli əməkdaşlıq və Brüsselin Avropa İttifaqı Şurasında gələcək sədrliyi ilə bağlı məsələləri müzakirə etmək üçün Belçika hökumətinin rəhbəri Aleksander Kroo ilə görüşəcək.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Pentaqon rəhbəri Lloyd Ostin və ABŞ Silahlı Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin sədri Çarlz Braun da Ukraynanın müdafiəsi üzrə kontakt qrupunun iclasında iştirak etmək üçün Brüsselə yollanıb.
“Kontakt qrupunun 16-cı iclasında demək olar ki, 50 ölkənin müdafiə nazirləri və yüksək rütbəli hərbçiləri iştirak edəcək. Onlar Ukraynada davam edəm müharibəni və Kiyevə müdafiə vasitələrinin tədarükü ilə bağlı dünya ictimaiyyətinin sıx koordinasiyasını müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.