EN

Qadınla kişi dost ola bilər? - PSİXOLOQ FİKİR BİLDİRDİ

"Əks cinslər arasında dostluq münasibəti ola bilər. Lakin bir şərtlə ki, onlar öz münasibətlərini tənzimləməyi bacarsınlar. İnsanlarda bu fikrin formalaşmasına əsas səbəb dostluq pərdəsi ilə əsl niyyətini və məramını gizlədən insanlar olub. Düşünürəm ki, konkret olaraq hansısa ölkəni, yaxud da milləti bu məsələdə ittiham etmək o qədər də düzgün fikir deyil. Müxtəlif yerlərdə yaşamalarına baxmayaraq, əksər insanlarda psixologiya təxminən eynidir. Əlbəttə, bir sıra fərqli cəhətlərə rast gələ bilərik. Məsələn, Azərbaycan etnopsixologiyasının Avropa psixologiyasından bir sıra fərqli xüsusiyyətləri var. Buna isə bir neçə amil səbəb ola bilər. Məsələn, mentalitet dəyərlərindən tutmuş həyat tərzinə qədər bir çox fərqli məqamlar var ki, insanların yaşamına, düşüncə tərzinə ciddi təsir edir. Lakin insan psixologiyasında ümumi bir məqam var ki, burada konkret olaraq ölkə, yaxud daregional baxımdan ayrı-seçkilik etmək, hesab edirəm ki, düzgün deyil”. Bu sözləri SİA-ya danışan psixoloq Vəfa Rəşidova deyib.

Psixoloqun fikrincə, belə bir fikir də var ki, əks cinsin nümayəndələri bir-birinə daha çox etibar edir və güvənir: "Bir çoxları düşünür ki, məsələn, kişilərin saxlaya bilməyəcəyi sirr mövzusunda qadınlar daha sadiqdirlər. Bunun da özlüyündə müxtəlif səbəbləri var. Buna səbəb kişilərin, yaxud da qadınların öz dostlarından, rəfiqələrindən ən azı bir dəfə xəyanətə uğramalarıdır. Hər bir insan həyatı boyunca bircə dəfə olsa belə, öz yaxın dostundan travma alır. Etibarı sarsılmış istənilən insanda belə bir assosiasiya formalaşır ki, əks cinsin nümayəndələri daha etibarlıdır. Əslində hər şey insanın özündən və seçdiyi dostlardan asılıdır. Yalnız kişilərin, yaxud da yalnız qadınların etibarlı olacağı barədə qəti bir şey yoxdur. Qeyd edim ki, belə mənfi hallar bəzi insanlarda bəzən hətta depressiyaya səbəb ola bilir. Odur ki, insan öz dostlarını seçərkən diqqətli olmalıdır”.

V.Rəşidovanın sözlərinə görə, istənilən münasibətlərdə, o cümlədən kişi və qadın dostluğunda müəyyən məhdudiyyət saxlanılmalıdır: “Burada çox önəmli faktor iradədir. Eyni zamanda, ikitərəfli münasibətlərdə müəyyən olunmuş baryer olmalıdır. Əgər bu baryeri hər iki tərəf qoruyarsa, dostluq münasibətləri axıra qədər sağlam şəkildə davam edər. Qeyd etmək istərdim ki, burada ən çox məsuliyyət xanımların üzərinə düşür. Fikir, məqsəd və dürüstlük qorunub saxlanmalıdır. Hər şeydən əvvəl hər iki tərəf özlüyündə bəzi şeyləri müəyyən etməlidir ki, biz konkret olaraq dost, yaxud sevgili münasibətindəyik. Belə olmazsa, sonradan fikir ayrılığı yarana bilər".

Ləman Sərraf

Chosen
513
50
sia.az

10Sources