EN

İnsanlığa qarşı cinayət

XİN: Görülən davamlı tədbirlər ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edir

Nardar BAYRAMLI

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

Bir neçə aylıq mühasirədən sonra...

Dünən Azərbaycanın Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan ərazilərinin işğalı zamanı Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Bu qəbildən ən dəhşətli qətliamlardan biri Xocalı şəhərinin sakinlərinə qarşı törədilib. 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilmiş, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi. İşğal nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum qalır.

Dinc azərbaycanlılara qarşı qətliam soyqırımı aktıdır

Bildirilib ki, heç bir hərbi zərurət olmadan dinc azərbaycanlıların yaşadığı Xocalı şəhərinə ağır hərbi texnikanın tətbiqi, mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərə dair istintaq materialları, şahidlərin ifadələri, habelə Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” etirafı törədilmiş qətliamın təsadüfi deyil, məhz soyqırımı cinayəti kimi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılaraq bu ölkənin tabeliyindəki qüvvələr tərəfindən icra edildiyinə dair heç bir şübhə doğurmur. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri digər insanlıq əleyhinə cinayətlər kimi, Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Artıq Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır

Vurğulanıb ki, Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxardı. Bu, bir daha soyqırımı kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb edilməməsinin ağır nəticələrini göstərir. “Bu baxımdan cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur. Bununla yanaşı, Azərbaycan tərəfi inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək. Faciənin 32-ci ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik”,-deyə XİN bəyan edib.

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Qeyd edək ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı müxtəlif ölkələr xalqımıza başsağlığı veriblər. Qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. O, bu barədə "X" hesabında paylaşım edib: “32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Aİ-nin nümayəndəsi: Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığında deyib: “Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik: qadınlar, kişilər, uşaqlar, qocalar və onların hamısının xatirəsini yad edirik. Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir daha təkrarlanmasın”.

ABŞ-ın səfiri: Biz Azərbaycan xalqının kədərini paylaşırıq

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi isə bildirib: “Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”.

İran səfirliyi başsağlığı verib

İranın Azərbaycandakı səfirliyi də Xocalı soyqırımı ilə bağlı başsağlığı verib. Bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib: “İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”.

Böyük Britaniyanın səfiri Xocalı abidəsini ziyarət edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld isə dünən Bakıda Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Səfir bununla bağlı rəsmi X səhifəsində paylaşım edib: “Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!”.

Chosen
184
50
yeniazerbaycan.com

10Sources