“Son bir neçə ildə Azərbaycanda qlobal iri texnologiya şirkətləri tərəfindən rəqabət pozuntularına yol verildiyi müşahidə olunur”. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. Nazirlik rəsmisi bildirib ki, qlobal şirkətlərin bizim qaydalara uyğunluğuna nail olmaq bəzən problemə çevrilir: “Nisbətən kiçik bazarların da öz mürəkkəbliyi var. Təəssüf ki, həmin şirkətlərlə əlaqə qurmaq və onları əməkdaşlığa dəvət etmək öz müsbət nəticəsini verməyib”.
Bəs qlobal şirkətlərlə rəqabətdə yerli şirkətləri qorumaq üçün qızıl ortanı necə tapaq?
Bu şirkətlərin büdcəsi trilyonu keçir
Şirkət rəhbəri, marketinq və biznes mütəxəssisi Pərviz Azərelli deyir ki, qlobal şirkətlər arasında hazırda ən çox problem yaradan texnologiya sahəsində ixtisaslaşanlardır: “Onların milyardlarla, trilyonlarla dəyəri var. Dünyanın bir çox ölkələrində kiçik sahibkarlar rəqabətdə bu şirkətlərə uduzurlar. Bu şirkətlər dünyanın bir çox yerlərində müxtəlif filiallar, mərkəzlər açır, daha yaxşı vergi şərtləri təklif edən ölkələrə gedirlər. Həmçinin məhsul və xidmətlər satan beynəlxalq qlobal şirkətlər də uzun illərdir fəaliyyət göstərirlər və istehsal sahəsində xidmət göstərən yerli şirkətlərə problemlər yarada bilirlər”.

Yerli şirkətlərdə özünümüdafiə formalaşmayıb
Belə nəhəng şirkətlərlə rəqabətdə necə dözümlü olmaq məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, ölkəmizdə uzun illərdir milli iqtisadiyyatın stimullaşdırılması, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti aparılır: “Türkiyə də daxil olmaqla, əksər ölkələr dünyada bir sıra ticarət qurumlarının üzvləridir. Bizdə isə MDB ölkələrini çıxsaq, demək olar ki, bazarımız dünyanın əksər ölkələrinə bağlıdır. Uzun illərdir ölkədə yerli şirkətlər dövlət tərəfindən qorunduğu üçün xarici bazarlara müqavimət baxımından onlarda özünümüdafiə formalaşmayıb”.
Mütəxəssis vurğulayır ki, dövlət bu siyasəti aparmasa idi, ölkə iqtisadiyyatına ciddi zərbə dəyə bilərdi. Çünki ölkəmiz SSRİ dağıldıqdan sonra müharibə, ağrılı-acılı günlərlə üz-üzə qaldı, iqtisadiyyatın tənizmlənməsi uzun dövrü əhatə etdi.
Çox şirkətlər bağlanacaq
Mütəxəssis sonda vurğuladı ki, müharibə dövrü keçən, kifayət qədər çətinliklərlə üzləşən ölkə olmağımıza baxmayaraq, hökumət tərəfindən infrastruktur layihələri həyata keçirilir, müəyyən innovativ addımlar atılır, sosial müdafiənin gücləndirilməsi ilə bağlı ciddi işlər görülür: “Növbəti mərhələ mənə görə açıq iqtisadi siyasət olmalıdır. Dövlət tərəfindən müdafiə olunmaq normaldır, xüsusilə kənd təsərrüfatı sahəsində vacibdir. Amma şaxələnmək istəyiriksə, açıq iqtisadi siyasət aparmaqla gələcəyimizi qura bilərik. Düzdür, belə olsa çox şirkət bağlanacaq, rəqabətə davam gətirə bilməyəcək, amma yeni şirkətlər yaranacaq. Hazırkı iqtisadi siyasətlə texnoloji inkişafdan geri qalacağıq. Ölkənin bu istiqamətdə inkişafı çox vacibdir”.
Nazirlik nə deyir?