EN

Deputatlar neçə balla universitetə qəbul OLUBLAR... - SORĞU

Bu günlərdə mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də buraxılış və qəbul imtahanlarıdır. Abituriyentlər artıq buraxılış imtahanlarını verib, blok imtahanlarına hazırlaşırlar. 

 

Ötən ay keçirilən qəbul imtahanın cavablarının açıqlanmasından sonra məlum oldu ki, 14 şagird maksimum nəticə - 300 bal toplayıb.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Milli Məclisin üzvləri arasında onların vaxtilə qəbul imtahanında göstərdikləri nəticə barəsində sorğu keçirib.

 

1981-ci il təvəllüdlü Müşfiq Cəfərov saytımıza açıqlamasında bildirib ki, o qəbulda 433 bal yığıb:

 

"1998 ci ildə imtahan vermişəm. Əslində, marağım Bakı Dövlət Universitetinin İqtisadi Kibernetikasına idi. Sadəcə evin tək övladı olduğum üçün öz şəhərimdə yerləşən Azərbaycan Kənd Təssərüfatı Akademiyasında (təhsil müəssisəsinin hazırkı adı Azərbaycan Dövlət Aqrar Universitetidir-red) İqtisadiyyatın İdarə edilməsi ixtisasında oxumağa qərar verdim".

 

1982-ci il təvəllüdlü Ülviyyə Həmzəyeva isə 480 bal toplayıb:

 

"Mən qəbul imtahanlarında 480 bal toplamışdım. Arzu etdiyim kimi də Naxçıvan Dövlət Universitetinin  İncəsənət fakultəsinə qəbul oldum. Hazırda Azərbaycanın əməkdar rəssamıyam".

Hazırda 38 yaşında olan Şahin İsmayılov isə 2004-cü ildə imtahan verib və 591 bal toplayıb.

 

"Mən 2004-cü ildə Azərbaycan Dillər Universitetin Avropaşünaslıq və Beynəlxaq Münasibətlər fakultəsinin Fransaşünaslıq ixtisasına qəbul olmuşam. Hazırda həməın  fakultənin adı Regionşünaslıq və Beynəlxalq münasibətlərdir. Mən 591 balla qəbul olmuşdum. İstədiyim fakultəyə qəbul olmuşdum",-Ş.İsmayılov deyib.

 

Gəncə şəhərini təmsil edən deputat Naqif Həmzəyev 500-dən yuxarı bal topladığını deyib:

 

"2000-ci ildə imtahan vermişəm. Açığı topladığım bal tam yadımda qalmayıb. Təxmini 500 baldan yuxarı toplamışdım. Əsas o idi ki, arzuladığım kimi Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul oldum.İstəyimə çatdım. Mənim Tarix fakultəsində oxumaq arzumun səbəbi Ulu öndər Heydər Əliyevin bu ixtisasda təhsil alması idi".

 

Saytımıza açıqlamasında Milli Məclisin 1985-ci il təvəllüdlü deputatı Könül Nurullayeva bildirib ki, o, da istədiyi ixtisasa qəbul ola bilib:

 

"Üstündən uzun müddət keçdiyinə görə yığdığım bal tam yadımda deyil. Bir onu bilirəm ki, 600-ə yaxın bal toplamışdım.Bu balla da  Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsil almışam. Avropaşünaslıq və Beynəlxalq Əlaqələr arzuladığım ixtisas idi".

Chosen
230
28
modern.az

10Sources