EN

ÜST-ün eksperti İİV/QİÇS epidemiyasının dayandırılması mövzusunda təlim keçirir » Medical Media


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondunun dəstəyi ilə və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə 13-15 may 2024-cü il tarixlərində yerli mütəxəssislər üçün  “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" mövzusunda  təlim təşkil edilib.


ÜST-nin Avropa üzrə Regional Ofisinin eksperti tərəfindən keçirilən təlimdə 200 nəfərə yaxın ilkin səhiyyə və stasionar tipli tibb müəssisələrinin müxtəlif ixtisaslar üzrə həkimləri, digər müvafiq qurum və təhsil ocaqlarından nümayəndələr iştirak edib. 

Təlimin əsas məqsədi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinə dair  tibb işçilərinə və müvafiq qurumların və təhsil ocaqlarının mütəxəssislərinə müasir yanaşmaları təqdim etməklə 2030-cu ilə qədər İİV/QİÇS-ə son qoymaq məqsədinə nail olmaq üçün strateji yönümlü cavab tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycandakı Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı və Səhiyyə Nazirinin müavini Dr. Nadir Zeynalov İİV/QİÇS epidemiyasının dayandırılmasında  tibb işçilərinin bilik və bacarıqlarının və eyni zamanda tədris proqramlarının beynəlxalq yanaşmalara uyğunlaşdırılması və  təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Dr. Harmancı qeyd edib: İİV infeksiyasının müalicəsi yoxdur. Lakin bununla yanaşı, benəlxalq təlimatlara uyğun effektiv profilaktika, diaqnostika, müalicə və qayğı xidmətlərinə əlçatanlığın təmin edilməsi ilə İİV infeksiyasını idarəolunan xroniki xəstəliyə çevirmək və bununla da İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan yaratmaq mümkündür. ÜST ölkələrə İİV infeksiyasının aşkarlanma sayını yüksəltmək və yoluxmuşların erkən müalicəyə cəlb edilməsi üçün yeni test alqoritmi və test müayinəsinin desentralizasiyasını tövsiyə edir. Bu missiya çərçivəsində həmçinin, İİV, Hepatit B və sifilis infeksiyalarının anadan uşağa ötürülməsinın üçlü eliminasiyası strategiyası və ÜST-nin bu sahədə dəstəkləyici fəaliyyətləri də müzakirə olunacaqdır.

Təlimdə  İİV epidemiyasının müasir aspektləri, diaqnostikada yeni test alqoritmi, anadan uşağa ötürülmənin profilaktikası və üçlü eliminasiya, təmasdan öncə profilaktika (PrEP) daxil olmaqla İİV-in profilaktikası, İİV və ko-infeksiyaların müalicəsində müasir yanaşmalar, İİV-lə yaşayan insanların vaksinasiyası, stiqma və diskriminasiya mövzuları üzrə ÜST-nin son tövsiyələri   əhatə edilib.
Hər günün sonunda iştirakçılar  təqdim olunan məlumatların mənimsənilməsi üçün qrup işi tapşırıqları üzərində çalışıblar.

ÜST İİV epidemiyasının dayandırılması istiqamətində ölkələrə texniki dəstək göstərməyə hər zaman davam edəcəkdir.

Chosen
399
1
medicalmedia.az

6Sources