EN

Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir

İlham Əliyev: "Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq"

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yürüdülən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq imicinin artmasına səbəb olub. Artıq  Azərbaycan müxtəlif  beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Belə ki, beynəlxalq qlobal problemlər, mövcud münaqişələr, iqlim dəyişkənliyi ilə bağlı ciddi məslələr Bakıda müzakirə edilir, çıxış yolları axtarılır. Təsadüfi deyil ki, dünyanın BMT-dən sonra ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına üzv dövlətləri 28 il əvvəl müstəqillik əldə etmiş gənc bir dövlət olan  Azərbaycanın bu quruma sədrlik etməsinə yekdilliklə səs verdilər. Bu Prezident İlham Əliyevə olan yüksək inam və onun siyasi bacarığına verilən yüksək qiymət idi. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyada koronavirusun tüğyan etdiyi dövrə təsadüf etdi. Bu dövrdə dünyanın bir çox böyük dövlətləri zəif və yoxsul ölkələrə nəinki kömək etmədi, hətta vaksin millətçiliyi ilə məşğul oldular. Azərbaycan isə 80-dən çox dövlətə humanitar, maddi və texniki yardımlar etdi. Bu Prezident İlham Əliyevin öz ölkəsinin vətəndaşları ilə yanaşı, digər dövlətlərin vətəndaşlarının sağlamlıqlarına biganə qalmamasının və insanpərvərliyinin ən bariz nümunəsidir. Bu baxımdan birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün kifayət qədər təcrübəsi və potensialı var. Elə COP29-a ev sahibliyinin Azərbaycana verilməsi də təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi,  Prezident İlham Əliyevin düşünülmüş siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. 
Xatırladaq ki, COP29 tədbirləri iki həftə ərzində davam edəcək. Bu müddət ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək. Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür.  Qonaqların buradan xoş təəssürala yola salınması üçün böyük hazırlıqlar görülməkdədir. Reallıq ondan ibarətdir ki, belə irimiqyaslı tədbirin keçirilməsi hər bir dövlət üçün həm də bir məsuliyyətdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına verdiyi müsahibədə qeyd edib ki, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik: "Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz".
Məlum olduğ kimi Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırki dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Ona görə də COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq. Buna baxmayaraq, maraqlı qüvvələr COP29-un Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşır, enerji daşıyıcılarına malik ölkədə belə bir tədbirin keçirilməsini məqbul hesab etmirlər. Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və onun dünya dövlətlərinə verəcəyi töhvəni belə izah edib: 
"Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq".
Birmənmalı şəkildə qeyd edilməlidir ki, indiyə qədər ölkəmizdə keçirilən  beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Nzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul edib və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib. Axı, həmin dövlətlər çox gözəl anlayırlar ki, Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq niyyətindədir. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyev sözügedən müsahibədə qeyd edib ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq: "Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik".
Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur. Son vaxtlar dünyada gədən proseslər, yaşıl enerji məsələsinə diqqətin artırılması, belə vacib tədbirin isə məhz Azərbaycanda keçilməsi ölkəmizin beynəlxalq nüfuzuna daha da müsbət təsir edəcək. Yaşıl enerjiyə keçidlə əlaqədar Azərbaycanın gördüyü tədbirlər və bu istiqamətdə dövlət başçısının xüsusi rolu deməyə əsas verir ki, COP29-da qəbul ediləcək qərarlar dünya ölkələrinin yaşıl enerji ilə təmin olunmasında müstəsna rol oynayacaq. Bu məsələdə Azərbaycanın da payının olması ölkəmizin imci baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
121
1
olaylar.az

10Sources