EN

TƏBİB-in dəstəyilə Dünya Qalxanabənzər Vəzi Gününə həsr olunan tədbir keçirilib » Medical Media


TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Respublika Endokrinoloji Mərkəzin və "Berlin-Chemie" şirkətinin dəstəyilə Dünya Qalxanabənzər Vəzi Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə açılıq nitqi ilə çıxış edən Respublika Endokrinoloji Mərkəzin direktoru, t.ü.f.d. Nərmin İsmayılova bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bu xəstəlikdən əziyyət çəkənlərin aşkarlanması asanlaşıb:

“Son dövrlər ölkədə qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında və eləcə də bu xəstəliklə bağlı müraciətlərin sayında artım müşahidə edilir. İcbari tibbi sığortanın tətbiqindən sonra onların sayında kəskin artım olması gözlənilən idi. Çünki bunlar arasında təsadüfü aşkarlanan insanlar kifayət qədərdir. Ümumiyyətlə, Xidmətlər Zərfinə daxil olan qalxanabənzər vəzi xəstəliklərinin vaxtında müayinəsi xəstəliyin erkən aşkarlanmasına imkan verir. Bu isə öz növbəsində xəstəliyin zamanında müalicəsini asanlaşdıran önəmli amil hesab edilir.”

Daha sonra Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d., professor Rafiq Məmmədhəsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Nelli Veysova, ardınca TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli tədbirin mahiyyəti ilə bağlı fikirlərini səsləndiriblər.

Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, t.e.d. Valeh Mirzəzadə "Qalxanabənzər vəz xəstəlikləri və Şəkərli Diabet", Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin cərrah-onkoloqu, t.e.d., professor Əziz Əliyev “Qalxanabənzər vəz xəstəliklərinin cərrahi müdaxilələrindəki yeniliklər”,  Həkim-endokrinoloq, Rauf Cabbarov “Qalxanabənzər vəzi düyünlərinin aparılması üzrə yenilənmiş məlumatlar” və Respublika Endokrinoloji Mərkəzinin aparıcı pediatr-endokrinoloqu Səriyyə Ağayeva “Anadangəlmə hipoterioz” mövzusunda təqdimatla çıxış ediblər.

Məlumat üçün bildirək ki, tədbirdə həmçinin Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının professoru, əməkdar həkim t.e.d. Tamfira Əliyeva tərəfindən hazırlananan “Tireodologiya” dərsliyinin təqdimatı da keçirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.
Chosen
163
medicalmedia.az

1Sources