EN

Sumqayıt Tibb Mərkəzi 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib » Medical Media


 
“Sumqayıt Tibb Mərkəzi maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib. 


Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir”.


Bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O, icbari tibbi sığortanın tətbiqindən sonra Sumqayıt Tibb Mərkəzində həyata keçirilən yeniliklər barədə danışıb:

“Eyni zamanda sığortanın tətbiqindən sonra burada dördüncü səviyyəli mərkəzləşdirilmiş laboratoriya fəaliyyətə başlayıb. Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və  neyrocərrahi əməliyyatlar icra olunur. 2022-ci ildən bu günədək Mərkəzdə 42 075 sayda cərrahi əməliyyat icra olunub. Bura fəqərəarası diskin kəsiklə çıxarılması, uşaqlığın çıxarılması və digər əməliyyatlar daxildir. Bütün bu görülən tədbirlər Agentliyin əsas hədəflərindən olan tibbi xidmətlərin əlçatanlığının təminatına və keyfiyyətin artmasına yönəlib”.

Eyni zamanda Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tibb müəssisələrinin tibbi laboratoriyaları tamamilə yenilənib:

“Laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib və tibb müəssisələrində Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.

Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub”.

E.Azadxanov əlavə edib ki, mütəmadi olaraq laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib:

“Ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan laborator xidmətləri tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər”.

Direktor əlavə edib ki, hazırda 1 nömrəli Şəhər Xəstəxanasında və Perinatal Mərkəzdə laboratoriya IV səviyyə, Uşaq Xəstəxanasında III səviyyə, Təcili Tibbi Yardım Xəstəxanasında isə II səviyyə olaraq xidmət göstərir.

Chosen
158
5
medicalmedia.az

6Sources