EN

Türkiyə Qarabağın bərpasında da Azərbaycanın ən yaxın müttəfiqidir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük"

El arasında gözəl bir məsəl var: "Yaxşı dost dar gündə sınanar!". Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlər arası münasibətlərə də şamil etmək olar. Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Çünki onların kökləri çox dərindədir. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: "Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır".

Həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.Və bu gün Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı və Vətən müharibəsində də, əldə edilən parlaq Qələbə ilə azad edilən ərazilərimizdə bərpa-quruculuq layihələrinin icrasına başlanılan bu prosesdə də Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkib. Dövlətimizin başçısı çıxışlarında Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib. Prezident İlham Əliyev bu barədə deyib: "Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər". Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bu barədə deyib ki, bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, "Dost Aqropark"ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da - "Dost Aqropark" özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür...Qardaş ölkə Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının salınmasında, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində, habelə digər infrastruktur layihələrinin icrasında, tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərib. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: "Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, – körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları,– bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz hava limanını rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər". Bəli, bu dəstək artıq iki ildir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində daha çox diqqət çəkir. Bölgədə tikinti işlərinin aparılmasına Türkiyə şirkətləri tərəfindən 1800 qardaş ölkə vətəndaşının cəlb olunması, onların Füzulidən sonra Zəngilan rayonunda da beynəlxalq hava limanının salınmasında, "Dost Aqropark"ın qurulmasında, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təşkilində fəal iştirak etmələri də bunun bariz ifadəsidir.

SƏRHƏD TANIMAYAN TÜRKİYƏ VƏ AZƏRBAYCAN LİDERLƏRİNİN QARDAŞLIĞI, İKİ DÖVLƏT, BİR YUMRUQ HƏMRƏYLİYİ BİRLİYİNİN, DAR GÜNDƏ, XOŞ GÜNDƏ BİR YERDƏ OLMASININ SARSILMAZ BİRLİYİDİR

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalqə bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

Azərbaycan və Türkiyə 2021-ci il 15 iyunda iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada "Şuşa Bəyannamə"sini imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya "Azərbaycan tək deyil" mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür" bəyan etdi.Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.

"BU GÜN DƏ BİZ BİR YERDƏYİK, QARABAĞIN İNŞASINDA BƏRABƏR, ÇİYİN-ÇİYİNƏ ÇALIŞIRIQ"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bir daha bu birliyin əbədi və sarsılmaz olduğunu bildirib: Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri zamanı bildirib ki, bu gün Qarabağın bərpasında da qardaş Türkiyə Azərbaycanla bir yerdədir. Bir çox Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Dövlət başçımızın da söylədiyi kimi: "Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik. Bu gün iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin rolu böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".

Həmişəki kimi, bu gün də Qarabağın bərpası işində türk qardaşlarımız bizimlə bərabər çalışır: "Minlərlə türk qardaşlarımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir".Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Və bu gün Türkiyə və Azərbaycan liderlərinin mütəmadi görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Dövlət başçımızın söylədiyi kimi: "Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!".

RƏFİQƏ KAMALQIZI

Chosen
645
50
sia.az

10Sources