EN

Dünya çempionatı: Ruslan Nurullayev “bürünc” qazandı

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın 5-ci günündə mübarizəyə qoşulmuş yunan-Roma güləşçiləri bu gün medalların taleyinə aydınlıq gətiriblər.

Nihad Quluzadə (60 kq) medal şansını elə ilk gündə itirmişdi.

Həsən Məmmədli (67 kq) ötən gün baş tutan yarımfinal görüşündə qazaxıstanlı Sultan Assetuli ilə bacarmamışdı – 0:11. Məmmədli bu gün bürünc medal uğrunda rusiyalı Muslim İmadayevlə gərgin görüş keçirib. Hesabda 10:3 önə keçən Həsən üstünlüyünü qoruya bilməyib və 10:12 hesabıyla məğlub olub.

Ruslan Nurullayev (72 kq) ötən gün 1/4 finalda ukraynalı İrfan Mirzoyevə məğlub olmuşdu – 1:3. Rəqib finala yüksəldiyi üçün Ruslan bu gün təsəlliverici görüşə çıxıb və macarıstanlı Kristofer Klanyiyə minimal hesabla qalib gəlib – 2:1. Güləşçimiz isveçrəli Mixail Portmana da gücünü göstərərək (3:1) dünya üçüncüsü olub.

Elcan Məmmədov (82 kq) ötən gün startda türkiyəli gənclər arasında dünya çempionu Alperen Berberə “tuş”la məğlub olmuşdu. Rəqib finaladək irəlilədiyi üçün həmyerlimiz bu gün təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Elcan ermənistanlı Karen Xaçatryana 1:3 hesabıyla uduzduğu üçün “bürünc” qazanmaq şansını da itirib.

Murad Əhmədiyev (97 kq) ötən gün 1/4 finalda türkiyəli Mustafa Olquna 0:2 hesabıya məğlub olmuşdu. Rəqibin finala yüksəməsi Əhmədiyevə təsəlliverici görüşə vəsiqə verib. Bu gün hindistanlı Niteş Niteşə “tuş”la qalib gələn Murad 3-cü yer uğrunda qarşılaşmada yaponiyalı Yuri Nakazatoya məğlub olub – 1:3.

Xatırladaq ki, U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edir. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.

Chosen
461
50
arena.az

10Sources