Bakı, 4 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda dövlət qurumları üçün seminar formatında silsilə təlimlərin keçirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ilk olaraq sözügedən seminar Elm və Təhsil Nazirliyi və onun tabeli qurumlarının əməkdaşları üçün təşkil olunub. Təlimin məqsədi aidiyyəti struktur bölmələrini dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadə, şəffaflıq və intizamlılıq səviyyəsini artırmaq və elektron satınalmalara tam keçid barədə məlumatlandırmaq, qanuna edilən yeni dəyişikliklərin müsbət tərəfləri haqqında maarifləndirməkdir.
Elm və təhsil nazirinin müavini İdris İsayev təlimlərin satınalma prosesinin planlaşdırılması və şəffaflığın təmin edilməsi baxımından yerli təhsilin idarəetmə orqanları və tabeli müəssisələr üçün faydasını qeyd edib, əldə edilən biliklərin səmərəliliyi və operativliyi artıracağını vurğulayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sözügedən təlimlərin sahibkarlar və satınalan təşkilatlar üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, yeni qanun dövlət satınalmalarının səmərəli keçirilməsi ilə yanaşı, sahibkarlığın da inkişafına da böyük töhfə verəcək, KOB subyektlərinin təşviq fondu rolunu oynayacaq. Vurğulanıb ki, növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcək qanun iqtisadiyyatın inkişafı üzrə əsas normativ hüquqi bazalardan biri olacaq. Xidmət rəisi, eyni zamanda, Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisdə ikinci oxunuşdan keçirdiyini və ilin sonuna qədər qəbul olunmasının gözlənildiyini bildirib.
Tədbir dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, məxfiliklə bağlı qaydalar, tender təkliflərinin qiymətləndirilməsi və qanuna edilən digər dəyişikliklərin yer aldığı seminarla davam etdirilib.

