Strasburq, 7 noyabr, AZƏRTAC
Fransanın Strasburq şəhərində 8 Noyabr - Zəfər Günü təntənəli ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Zəfər Günü münasibətilə təşkil etdiyi tədbirdə şəhərin azərbaycanlı icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər.
Əvvəlcə tarixi Zəfəri qanı və canı bahasına xalqımıza bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxışında Ermənistanın tarixi torpaqlarımıza əsassız iddialarının ardınca ərazilərimizin 20 faizini işğal etdiyini və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü xatırladıb. Bildirilib ki, 2020-ci ilin sentyabrın 27-də başlamış Vətən müharibəsi Azərbaycan dövləti və xalqı üçün ölüm-dirim mübarizəsi olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi sayəsində işğala son qoyulub. Diplomat ötən dövr ərzində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində verilən taleyüklü qərarlar, əldə olunan tarixi nailiyyətlər barədə danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı və ölkəmizin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov iştirakçıları Zəfər Günü və Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O, Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını yüksəltməsi ilə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bildirib. Hazırda Azərbaycanın tarixdə heç vaxt olmadığı qədər güclü, bütöv və müstəqil olduğunu bildirən K.Cəfərov əlavə edib ki, gələcəyimiz hələ indi başlayır və bunun üçün möhkəm təməllər var.
Sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.
Tədbir musiqi proqramı ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq


