“İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun”
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın qonşu ölkələrində İsrailin gizli bazalarını hədəf almağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri mənbələrinə istinadən məlumat yayıb.
“İranın yeni prezidenti İsraillə hərtərəfli müharibənin qarşısını almaq üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı mübarizə aparır.
İyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtında qətlə yetirilməsi ilə bağlı Tehranın hakim dairələri arasında fikir ayrılığı var. Belə ki, SEPAH-ın yüksək səviyyəli generalları mülki əhalinin tələfatının qarşısını almaq üçün əsas diqqətini hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər.
Lakin yeni seçilmiş prezident Məsud Pezeşkian İranın qonşu ölkələrində İsrailin gizli bazalarını hədəf almağı təklif edib”, - nəşr yazır.
Qeyd olunub ki, İranın necə cavab verəcəyinə qərar vermək üçün son məsuliyyət ali lider Ayətullah Əli Xameneinin üzərinə düşür.
“Cənab Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər. O, təklif edib ki, əvvəlcədən bu ölkələrə xəbər vermək şərti ilə Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli bir yeri hədəfə alsınlar və beləcə, bu dramatik söhbət bağlansın”, - deyə prezidentin yaxın köməkçisi mətbuat orqanına bildirib.
Qeyd olunub ki, o, həmçinin “Hizbullah”ı daha təkmil silahlarla silahlandırmağı və İranın gücləndirilmiş dəstəyi ilə onların döyüşməsinə icazə verməyi təklif edib.
“O , SEPAH-ın ölkəni müharibəyə cəlb etmək məqsədi güddüyünü bilir. Bununla belə, prezidentlik kampaniyası zamanı insanlara dinc həyat şəraitinin təmin edilməsi də daxil olmaqla verdiyi vədləri yerinə yetirməkdə qərarlıdır. Ali liderin ofisindəki nüfuzundan istifadə edərək, o, SEPAH-ın İranı müharibəyə sürükləməsinin qarşısını almağa çalışır”, - deyə prezidentin köməkçiləri bildiriblər.
“Qüvvələr daxilində cənab Pezeşkianın səylərini necə əngəlləmək barədə müzakirələr aparılıb. Demək olar ki, hər kəs onun israr etdiyi şeyin inqilabın reputasiyasına uyğun olmadığına inanır”, - SEPAH-ın adı açıqlanmayan rəsmisi “The Telegraph”a bildirib.
Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər.
“Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir.
İranın yeni prezidentinin xüsusilə azərbaycanlı olması, Azərbaycana isti münasibət bəsləməsi fonunda ola bilsin ki, İranın daxilində və xaricində bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var.
Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun”, - deyə Azərbaycan hakimiyyətindəki mənbələr bildirib.