RU

Futzal: PFL Azərbaycan Kubokunun qalibi oldu

Bu gün keçirilmiş final oyunu ilə futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gəliblər.

“Olimpik Star”da təşkil olunmuş final matçını Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə ediblər. Oyundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra start fiti verilib. Kubokun son qalibi “qırmızı-ağlar” görüşə ciddi itkilərlə çıxıblar. Belə ki, legionerlər ölkələrinə yollandığından, “Araz-Naxçıvan” final matçına ancaq yerli futzalçılarla çıxmışdı.

Hesabı PFL açsa da, cavab qolunu gözləmək çox çəkməyib. Ancaq fasiləyə qədər nominal qonaqlar daha 2 dəfə fərqləniblər. İkinci hissədə də ilk qolu PFL vurub və fərqi artırıb. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Araz-Naxçıvan” rəqibin fərqi artırmasının qarşını ala bilməyib. Beləliklə, böyükhesablı qələbə sayəsində PFL sayca 29-cu Azərbaycan Kubokunun qalibi oldu.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə hakim-inspektor və hakimlərə xatirə diplomu təqdim olunub. Ardınca final matçının ən yaxşısı fəxri tribunaya dəvət olunub. Görüşdə 4 qol vuran PFL-in üzvü Elçin İsmayılov ən yaxşı oyunçu mükafatına layiq görülüb. Daha sonra “Araz-Naxçıvan”a gümüş, PFL-lə isə qızıl medal və ölkə kuboku təqdim edilib.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim edib.

Azərbaycan Kuboku
Final
5 iyun

“Araz-Naxçıvan” – PFL 1:7
Qollar: Xəzər Ağalızadə, 7:00 – Elçin İsmayılov, 5:12; 20:51; 33:28; 35:19. Nicat Qafarlı, 17:17. Raqif Eyvazov, 19:36; 30:30.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”.

Избранный
318
12
arena.az

10Источники