“Bizim hər bir işçinin bir köməkçisi var, bu süni intellektdir”.
Hafta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.
O bildirib ki, süni intellektə düzgün sual vermək, ondan düzgün cavab almaq bilik və bacarıq tələb edir:
“Bu bacarıq təsadüfən formalaşmır. Vaxtilə deyirdilər ki, kapitalizm varlıları daha da varlı, kasıbları isə daha da kasıb edir. Süni intellekt də bu prinsipə bənzəyir: Ağıllı insanları daha da ağıllı, qeyri-bilgililəri isə öz qulluqçusuna çevirir”.
M.Abbaszadənin sözlərinə görə, süni intellekt hər dərdin dərmanı deyil, ondan düzgün istifadə qaydasını bilmək vacibdir:
“Biz sualların yoxlanmasında süni intellektdən istifadə edirik. Amma bizim bazaya daxil olan sualları süni intellekt yazmır. Bu texnologiyadan artıq uzun müddətdir və daha geniş formada istifadə edirik. Əsasən nəticələrin və sualların yoxlanması mərhələsində tətbiq edirik”.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri deyib ki, dünyada bir çox qiymətləndirmə şirkətləri və imtahan təşkil edən böyük, nüfuzlu qlobal qurumlar hələ ki, süni intellektdən istifadə etməyi düşünmürlər:
“Özünə hörmət edən böyük imtahan şirkəti imtahanların qiymətləndirilməsi üçün heç vaxt süni intellektə müraciət etməyi düşünməyib. Belə ki, süni intellekt xarici ölkələrdə yalnız və yalnız bir məktəb daxilində keçirilən lokal xarakterli imtahanların qiymətləndirilməsində tətbiq olunur. Gələcəkdə də bu vəziyyətin əhəmiyyətli şəkildə dəyişəcəyi gözlənilmir. Şəxsən mən də bu fikirdəyəm. Düzdür, bu gün süni intellekt ildırım sürəti ilə inkişaf edir. Bu gün yaranan süni intellekt aləti sabah artıq köhnəlmiş sayılır. Dünyanın mənzərəsini süni intellekt dəyişir, amma əmin olun ki, heç bir süni intellekt aləti insan beyninin çoxvariantlılığını təkrar edə bilməz”.
Mütəxəssis qeyd edib ki, süni intellekt 1 saniyə ərzində milyonlarla məsələnin həllini təşkil edə bilir:
“İnsan beyninin perspektiv imkanları və yanaşma tərzi süni intellektdən daha üstündür. Süni intellekt bir maşındır və yalnız verilən əmrlər əsasında işləyir. Düşünürəm ki, insan amilinin olduğu bir yerdə süni intellekt heç nəyi dəyişə bilmir. Bu, imtahandır. Bu məsələdə yalnız məntiqi deyil, psixoloji detalları da nəzərə almaq lazımdır. Bunu isə yalnız insan hissiyatı anlaya bilir. Süni intellekt isə hissiyyatdan kənardır. Ona görə də istər indi, istər gələcəkdə, istər Azərbaycanda, istərsə də dünyada süni intellekt heç zaman imtahanların qiymətləndirilməsi prosesini tam şəkildə öz üzərinə götürə bilməz. Maksimum hazırkı rolu bir qədər artacaq. Bəs indiki rolu nədən ibarətdir? Hesab edirəm ki, böyük imtahanların nəticələrinin süni intellektə tapşırılması ilə bağlı addımlar atmaq, nəinki reallaşacaq, hətta bu barədə düşünülmür belə. Biz süni intellektlə bağlı fikirlərimizi bir qədər dəqiq və ehtiyatlı şəkildə ifadə etməliyik. Doğrudur, süni intellekt bu gün dünyanın hər anında mövcuddur. İnsanın persepsiya imkanlarının olduğu bir yerdə süni intellektin rolu zəifləyir. Məsələn, insan gözü abituriyentin yazı xəttinə baxaraq perspektiv olaraq daha dəqiq fikir formalaşdıra bilir, nəinki süni intellekt. Təkcə bu məsələ deyil, biz bir çox digər mövzularda da insan amilinə güvənməliyik”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, bunkerdə süni intellekt həllərin tətbiqi üçün zaman yetişib:
“Son illərdə, demək olar ki, hər imtahan sessiyasında texniki problemlər yaşanır. Əslində özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən əvvəl də yoxlanılır. İmtahan günü bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır. Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür. Bu artıq texniki səhv yox, sistem probleminin, bəlkə də, insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir”.
O.Gündüz, həmçinin bildirib ki, bu, kiçik bir məsələ kimi görünsə də, əslində imtahan verən üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problemdir:
“Məsələn, abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir. Yəni DİM-in sonradan bunu “texniki səhv” deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil. Əlbəttə, əminəm ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır. Lakin görünür ki, bütün bunlar yetərli olmur. Bəlkə də artıq bu mərhələyə də, texnologiyaların, süni intellektin cəlb olunmasının vaxtı çatıb? DİM-in yaxşı, peşəkar və təcrübəli IT komandası var. Qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar. Belə olan halda düşünürəm ki , tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir IT sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər”.