ABŞ Ermənistanın Azərbaycanın şərq rayonlarını Naxçıvanla birləşdirən hissəsini 100 il müddətinə icarəyə götürməyi təklif edir. Bunu Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bildirib:
“Ermənistan və Azərbaycan 32 kilometrlik yol üstündə mübahisə edirlər. İndi ABŞ gəlib deyir ki, “yaxşı, o 32 kilometrlik yolu bizə icarəyə verin, hamı üçün istifadəyə açıq olsun”.
Qətərdə yerləşən və Yaxın Şərqdəki hadisələri işıqlandıran “Middle East Eye” internet saytının türk şərhçisi Raqip Soylu yazıb: “Tomas Barakın şərhi Tramp administrasiyasının həqiqətən də dəhlizin neytral qarant rolunu oynayacaq Amerika kommersiya operatoru şirkəti vasitəsilə istismarını təklif etdiyinə dair ilk rəsmi təsdiqdir”. Yeri gəlmişkən, bu jurnalist iki həftə əvvəl Ermənistan və Azərbaycan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində gözlənilən görüşü barədə ilk məlumat yayıb. İndi jurnalist Zəngəzur dəhlizi haqqında bəzi maraqlı təfərrüatlar açıqlayıb. Danışıqlardan xəbəri olan regional mənbə “Middle East Eye”a bildirib ki, dəhlizin özəl mülkiyyətə verilməsi ideyası Türkiyəyə məxsusdur. Raqip Soylu bildirib: “Həm Ermənistan, həm də Azərbaycan bu ideyanı bəyənib”. “Middle East Eye” saytının köşə yazarının məlumatına görə, erməni tərəfi şirkətdən dəhlizin Naxçıvan tərəfində də işləməyi tələb edib: ““Lakin bu, Bakı üçün qəbuledilməzdir”. Beləliklə, “Middle East Eye” nəşrinin məlumatlarına inansaq, Bakı erməni tərəfinin əsas tələblərindən birini - kommunikasiya marşrutlarının bərpasında qarşılıqlılıq prinsipini rədd edir. Xatırladaq ki, ilk dəfə olaraq Zəngəzurdan keçən yolun Amerikanın özəl şirkətinə verilməsi barədə Karnegi Fondunun eksperti Olesya Vardanyan iyulun 1-də dərc olunmuş məqaləsində məlumat vermişdi. Ötən həftəsonu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Azadlıq Radiosuna müsahibəsində İrəvanın Zəngəzurda özəl yolun icarəsinin nəzərdən keçirildiyini mahiyyətcə inkar etməmişdi. ABŞ-ın Ankaradakı səfirinin bəyanatları son nəticədə təsdiqini tapsa, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən il sentyabrın 18-də səsləndirdiyi rabitə kanallarının blokdan çıxarılması prinsipindən İrəvanın imtina etməsi anlamına gələcək. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məsələ ilə bağlı bildirib: “Ermənistan regional infrastrukturların bloklanması məsələsini müstəsna olaraq Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində müzakirə edir. Ermənistan öz suveren ərazisi üzərində nəzarətin heç bir üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir”. ABŞ-ın Türkiyədəki səfirinin açıqlamalarına gəlincə, Nazeli Bağdasaryan deyib: “Sizin qeyd etdiyiniz nomenklatura Ermənistan Respublikası üçün məqbul deyil. Həmçinin, biz dəfələrlə demişik ki, Ermənistan regional infrastrukturların blokdan çıxarılması məsələsini sırf Ermənistanın suverenliyi, ərazi bütövlüyü və digər məntiq kimi biz müzakirə edə bilmərik. Torpaq icarəsi, Ermənistan Respublikasının qanunvericiliyinə əsasən, belə bir qurum yalnız kənd təsərrüfatı fəaliyyətinin həyata keçirildiyi kənd təsərrüfatı torpaqları üçün mövcuddur, ona görə də ABŞ səfirinin qeyd etdiyi variant mümkün deyil. “ABŞ səfiri bəlkə də yola nəzarəti autsorsinqlə nəzərdə tuturdu?” sualına baş nazirin sözçüsü belə cavab verib: “Ermənistan Respublikası öz suveren ərazisi üzərində nəzarəti heç bir üçüncü tərəfə verməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və ya suverenliyindən kənarda ola bilməz”.
Amma buna rəğmən, ABŞ səfiri Tomas Barakın da boş yerə fikir səsləndirmədiyi məlum həqiqiətdir. Erməni ictimai xadim Tatevik Hayrapetyan bu fonda bildirir: “Paşinyan 2024-cü il sentyabrın 18-də deyib: “Mən bir daha rəsmi şəkildə qeyd etmək istəyirəm, ki, Ermənistan hazırdır, istəyir və Ermənistan tam olaraq İranın Azərbaycana keçid verdiyi eyni şərtlərlə, dəqiq eyni şərtlərlə həmin keçidi təmin etməyə hazırdır. 2025-ci il iyulun 10-da Ermənistanın xarici işlər nazirinin müavini bəyan edir ki, prinsiplərə riayət olunduğu halda Ermənistan Zəngəzur yolu üzrə nəzarətin üçüncü tərəfə verilməsinə qarşı deyil. İndi bir neçə sual: İran nə vaxtsa öz ərazisinə nəzarəti hansısa üçüncü tərəfə verib? O, gömrük nəzarəti tətbiq edib, Azərbaycan tərəfi də buna sakit şəkildə əməl edir. Əgər biz kommunikasiyaların açılmasından danışırıqsa, bəs Ermənistan Azərbaycanın ərazisindən istifadə edəndə, orada üçüncü tərəfin həyata keçirdiyi gömrük yoxlamaları olacaq, yoxsa Azərbaycan heç bir üçüncü tərəfin mövcudluğuna imkan verməyəcək? Dəhliz vermək mütləq buynuzla, quyruqla olur, yoxsa məsələ ondadır ki, öz ölkənin ərazisini konkret hansı üçüncü tərəfin nəzarətinə verəcəksən?”. Erməni şərqşünas, türkşünas, Ermənistan Milli Elmlər Akademiyasının akademiki Ruben Safrastyan isə qeyd edir ki, Yaxın Şərqdə son gərgin hadisələrdən sonra təhlükəsizlik baxımından yeni bir arxitektura formalaşır. Onun sözlərinə görə, belə bir vəziyyətdə Ermənistan elə mövqe tutmalıdır ki, xarici qüvvələr Ermənistandan nəyisə təzyiq yolu ilə qoparmağa çalışmasınlar, əksinə ümumi maraqlara xidmət edə biləcək imkanları nəzərə alaraq, Ermənistanla mümkün qədər yaxşı münasibətlər qurmağa çalışsınlar: “Düşünürəm ki, söhbəti təkcə Cənubi Qafqazdan yox, ümumilikdə Yaxın Şərqdə gedən geosiyasi proseslərdən açmaq daha doğru olar. Bu baxımdan qeyd etməliyik ki, İranın mövqeləri, şübhəsiz, zəiflədi. Mənim qənaətimə görə, Yaxın Şərqdə təhlükəsizlik baxımından yeni bir arxitekturanın formalaşması istiqamətində ilk addımlar atılır.
Fikrimcə, bu yeni arxitekturanın dayaqları İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə olacaq. Hər üç dövlətə ABŞ dəstək verir. Bu şəraitdə İran, obrazlı desək, oyundankənar vəziyyətə düşür və indi öz mövqelərini bərpa etmək uğrunda mübarizə aparmalıdır. Güman edirəm ki, bu mübarizə uzunmüddətli olacaq. Ümumi mənzərədən konkret vəziyyətə keçsək, demək olar ki, İran geosiyasi mövqelərinin zəifləməsi şəraitində artıq Cənubi Qafqazda əvvəlki təsirini göstərə bilməyəcək, çünki indi başqa, o cümlədən daxili problemlərin həllinə yönəlməyə məcburdur. Bundan əlavə, görürük ki, İran və Azərbaycan arasında münasibətlər müəyyən bir qeyri-sabitlik mərhələsinə daxil olub. Bu münasibətlərin daha da gərginləşmək meyli var, amma digər tərəfdən müşahidə olunur ki, İran rəhbərliyi bu münasibətləri kəskinləşdirməməyə çalışır. Bu halda Ermənistan Zəngəzur dəhlizi məsələsində geri çəkilməli olacaq”.
Ramil QULİYEV