BAKI, 16iyul. TELEQRAF
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, bu brədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında bildirib.
Sənəd Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long, AZPROMO, KOBIA, Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin biznes dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumunda imzalanıb.
"Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət etdik. 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı", - nazir əlavə edib.