Xəzərin birləşdirdiyi dost ölkələr - Azərbaycan və Türkmənistan tarixi və mədəni əlaqələrlə bir-birinə sıx bağlıdır. Son illər bu münasibətlər təkcə dostluqla yox, iqtisadi əməkdaşlığın real nəticələri ilə də diqqət çəkir. Neft, qaz, nəqliyyat, logistika və kənd təsərrüfatı kimi sahələrdə ortaq layihələr, birgə təşəbbüslər və strateji əməkdaşlıq regionda sabitlik və inkişafın əsas dayaq nöqtələrindən birinə çevrilib.
İki ölkə arasında iqtisadi əməkdaşlığın təməli Sovet İttifaqının dağılmasından sonra qoyulub. 1991-ci ildə müstəqillik qazanan respublikalar yeni geosiyasi reallıqlar qarşısında dayansa da, ortaq tarix, dil və mədəniyyət onların qarşılıqlı əlaqələrinin tez bir zamanda qurulmasına zəmin yaratdı. İlk illər münasibətlər əsasən diplomatik səviyyədə olsa da, çox keçmədi ki, konkret iqtisadi addımlar atılmağa başladı. Azərbaycan və Türkmənistan arasında ilk ticarət sazişləri imzalandı, gömrük və nəqliyyat sahəsində qarşılıqlı razılaşmalar əldə edildi. Bu sənədlər ikitərəfli ticarətin hüquqi bazasını formalaşdırdı. Bu gün Azərbaycan Türkmənistandan əsasən karbamid (kimyəvi gübrə), pambıq, neft və tekstil məhsulları idxal edir. Türkmənistana isə qida məhsulları, tikinti materialları, avadanlıq və maşınlar ixrac olunur.
Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin genişlənməsində Xəzər dənizi körpü rolunu oynayır. Dəniz üzərindən qurulan nəqliyyat və enerji marşrutları iki ölkəni ticarət və logistika sahəsində strateji tərəfdaşlara çevirib. Həm Azərbaycan, həm də Türkmənistan neft-qaz ehtiyatlarını Xəzər üzərindən dünya bazarlarına çatdırmaq üçün müxtəlif yollardan istifadə edirlər. Bu kontekstdə Xəzər həm resursların hasilatı, həm də onların tranziti baxımından həlledici əhəmiyyət kəsb edir. Türkmənistanın zəngin qaz ehtiyatlarını Azərbaycan üzərindən Avropa bazarına çatdırmaq arzusu, Azərbaycanın isə bu tranzitdən geosiyasi və iqtisadi fayda əldə etmək istəyi hər iki ölkəni ortaq maraqlar ətrafında birləşdirir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan və Türkmənistan Xəzər dənizində yerləşən "Dostluq" yatağı üzərində ortaq işləməklə bağlı mühüm razılığa gəliblər. Əldə olunan razılıq iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Uzun illər mübahisə predmeti olmuş "Dostluq" yatağı status baxımından qeyri-müəyyən ərazi kimi tanınırdı. Lakin qeyd etdiyimiz razılaşma göstərdi ki, Azərbaycan və Türkmənistan qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əsasında səmərəli iqtisadi münasibətlər qurmaqda qərarlıdırlar. Yataq birgə istismar ediləcək ilk Xəzər qaz layihəsi olaraq, hasilat və resursların bölüşdürülməsi sahəsində birgə məsuliyyət daşıyacaq.
Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan qaz kəməri illərdir gündəmdə olsa da, son dövrlər regionda yaranan reallıqlar, yəni Avropanın enerji təhlükəsizliyi, alternativ marşrutlara olan tələbat və Orta dəhlizin aktuallaşması bu layihəyə yeni nəfəs verib. Azərbaycan artıq geniş qaz nəqli infrastrukturuna, o cümlədən "Cənub qaz dəhlizi" kimi mühüm enerji arteriyalarına sahibdir. Bu, Türkmənistan qazının dünya bazarlarına çıxarılmasında Bakının rolunu artırır. Eyni zamanda iki ölkə arasındakı neft məhsullarının emalı və tranziti sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Türkmənistan öz xam neftinin bir hissəsini Azərbaycan üzərindən Gürcüstana və daha sonra Qara dəniz limanlarına çatdırmaq üçün Bakı-Tbilisi dəmir yolu və Bakı limanından istifadə edir. Azərbaycan da öz neft-kimya sənayesi və emal zavodları ilə Türkmənistan üçün mühüm tərəfdaş rolunu oynayır. Bu əməkdaşlıq həm iki ölkə üçün əlavə iqtisadi dividendlər yaradır, həm də Xəzər hövzəsində sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənistanın Türkmənbaşı Limanı Xəzər hövzəsində ticarətin əsas tranzit nöqtələridir. Ölkələrimiz arasında müntəzəm bərə keçidləri və dəmiryolu daşımaları Orta dəhliz layihəsinin vacib halqasıdır. Bu tranzit əlaqələri təkcə iki ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında uzanan strateji ticarət marşrutlarının qurulmasında mühüm rol oynayır. Xüsusən beynəlxalq nəqliyyat və logistika xətti olan Çin, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropaya uzanan yol Azərbaycan və Türkmənistan üçün yeni iqtisadi imkanlar açır. Bakı və Türkmənbaşı limanları bu dəhlizdə əsas logistik mərkəzlər kimi çıxış edir. Son illər hər iki limanda yeni terminal binalarının tikilməsi, yükləmə-boşaltma avadanlıqlarının yenilənməsi və rəqəmsallaşma tədbirləri bu mərkəzlərin qlobal standartlara uyğunlaşmasına səbəb olub. Limanlarda aparılan genişmiqyaslı modernizasiya işləri Xəzər üzərindən yüklərin daşınmasının daha sürətli və etibarlı şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Xəzərdə müntəzəm bərə keçidləri vasitəsilə həm konteyner daşınır, həm də avtomobil və dəmir yolu nəqliyyatı təşkil olunur. Bu nəqliyyat xəttinin etibarlılığı və çevikliyi Azərbaycan və Türkmənistanın beynəlxalq ticarətdə tranzit ölkə statusunu möhkəmləndirir. Hər gün həmin marşrutla onlarla konteyner, yük avtomobili və dəmir yolu vaqonları daşınır. Bu da Xəzərin təkcə enerji deyil, eyni zamanda logistika və ticarət arteriyası olduğunu göstərir. Xəzər dənizi Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin həm maddi əsası, həm də simvolik məzmunudur. Dəniz iki ölkəni ayırmır, əksinə, qovuşdurur, əməkdaşlığa təşviq edir və daha böyük regional inteqrasiyanın açarı kimi çıxış edir.
Hazırda iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkmənistan yalnız ənənəvi sahələrlə kifayətlənməyib yeni perspektivli sahələrdə də birgə fəaliyyət göstərmək niyyətindədirlər. İki ölkə arasında sənaye parkları yaratmaq, bərpaolunan enerji sahəsində birgə layihələr hazırlamaq və qarşılıqlı investisiyalar qoymaq kimi təşəbbüslər gündəmdədir. Azərbaycan və Türkmənistan bu əməkdaşlıqla təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji güclərini artırırlar.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"