İlham Əliyev MDBMİ-ni bitirmiş, müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Qalib ölkəni təmsil edən lider, nəinki müharibədə qalib gəlib, Qarabağı azad edərək, nəzarəti tam bərpa edib. Bu səbəbdən bir çox dünya liderləri ondan Qələbənin sirrini öyrənmək istəyirlər.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumunda iştirak etmək üçün Qarabağa gələn rusiyalı politoloq Sergey Markov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev çox təcrübəli, ağıllı, düzgün və təmkinli liderdir: “Bu səbəbdən biz hamımız Prezidentlə olacaq dialoqu səbirsizliklə gözləyirik”.
Ekspertin sözlərinə görə, forum çərçivəsində dünyanın digər ölkələrindən olan media nümayəndələri ilə ünsiyyət imkanı yaranacaq.
“Forumda çoxları maraqlı ideyalar təqdim edir. Məsələn, son forumda maraqlı bir sual verildi, “Hansı sosial şəbəkələrdən ən çox istifadə edirsiniz?”. Biz Rusiyada ilk növbədə teleqram kanalından istifadə edirik. Öyrənəndə ki, bütün ölkələrin, xüsusən jurnalistlərin, ekspertlərin 70 faizi bu sosial şəbəkədən istifadə edir çox təəccübləndim. Teleqram peşəkar jurnalistlərin əksəriyyəti üçün bir nömrəli məlumat mənbəyinə çevrilib”, - deyə Sergey Markov vurğulayıb.
Rusiyanın süni intellektdə həm amerikalılardan, həm də çinlilərdən geri qaldığına toxunan Sergey Markov əlavə edib ki, indi süni intellektdə əsas məqam “big data”ların yaradılmasıdır: “Ancaq mən süni intellektin yazdığı hər hansı bir mətni tez bir şəkildə müəyyən edirəm. Amma şübhə etmirik ki, süni intellektdə perspektiv böyükdür”.