RU

Cavanşir Quliyev meyxana və repə qarşı çıxdı - ÖNƏMLİ AÇIQLAMALAR 

Tanınmış bəstəkar hər iki janrı bədii sənət hesab etmir - kulturoloqun rəyi

Ölkəmizdə rep musiqisinə münasibət birmənalı deyil. Əsas səbəblərdən biri isə müasir reperlərin kobud ifadələrdən, hətta söyüşlərdən istifadə etməsidir. Bəziləri isə rep musiqisinin xarakterinin belə olduğunu, kobud ifadələrin normal olduğunu düşünürlər. Elə bu günlərdə Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun saxlanmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Demokrat.az mövzu ilə bağlı tanınmış bəstəkar Cavanşir Quliyevin fikirlərini öyrənmək istəyib. Bəstəkarın mövzuya münasibəti isə qısa və konkret olub: “Mən repi və bizim meyxananı bədii sənət hesab etmirəm”.

Doğrudanmı rep və meyxana sənət deyil? Bəzi yazarlar hər ikisini kütləvi sənət adlandırır.

Xatırladaq ki, meyxana Azərbaycan şifahi xalq poeziyasının xüsusi bir növüdür. O, həm sözlü sənət, həm də musiqili ifa elementlərini özündə birləşdirən orijinal improvizasiya janrıdır. Adətən bir neçə ifaçı arasında ədəbi improvizasiya, söz atışması formasında qurulur. Meyxana ustaları bir-birilərinə cavab verir, suallar yönəldir, düşündürür və ya zarafatla tənqid edirlər.

“Meyxana” sözü ərəb-fars mənşəlidir. Ərəb dilindəki “mey” (şərab) və “xana” (ev, məkan) sözlərindən yaranmışdır. Tarixi baxımdan bu söz şərab içilən məkan, yəni şərabxana mənasını verib. Lakin sonradan bu məkanlarda sözlü zarafatlar, məzəli deyişmələr və bədahətən şeirlər söyləndiyindən, bu sənət növü də həmin adla anılmağa başlanmışdır. Beləliklə, “meyxana” tədricən bir sənət formasının adı kimi leksikaya daxil olub.

Folklorşünaslar bildirir ki, meyxana janrının kökləri orta əsrlərə, xüsusilə Azərbaycan klassik şifahi xalq ədəbiyyatına gedib çıxır. Aşıq ədəbiyyatındakı deyişmələr, qoşmalar, ustadnamələr, eləcə də bədahətən cavablı şeir yarışmaları meyxana üçün ilkin zəmin rolunu oynamışdır.

Qədim zamanlarda bazarlarda, kənd şənliklərində, toy və məclislərdə, xüsusilə də qurban və bayram mərasimlərində xalq arasında sözlü oyunlar, qarşılıqlı şeir söyləmələr geniş yayılmışdı. Bu şeir duelinin əsas şərtləri, təxəyyül, sürətli cavab, mövzuya uyğunluq və auditoriyanı əyləndirmək sonradan meyxananın əsas prinsiplərinə çevrilmişdir.

Sovet dövründə meyxana rəsmi sənət formasından sayılmırdı. Lakin xalq arasında böyük populyarlığı vardı və xüsusən Abşeron yarımadası, Masallı, Lənkəran, Sumqayıt, Bakının kənd və qəsəbələri, o cümlədən Biləcəri, Binə, Sabunçu, Maştağa kimi ərazilərdə yaşayan insanlar arasında canlı şəkildə yaşamağa davam edirdi.

1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində meyxana çox sürətlə populyarlaşmağa başladı. Artıq toylarda, məclislərdə, radio və televiziyada da yer alırdı.

1990-cı illərdən başlayaraq meyxana bəzi hallarda elektron musiqi və ritmlərlə birləşdirilməyə başlandı. Bu, bəzi puristlər tərəfindən tənqid olunsa da, gənclər arasında janrın daha da məşhurlaşmasına səbəb oldu.

Qeyd olunduğu kimi, meyxana daim tənqid və mübahisə mövzusu olub. Bir çox sənətşünaslar, bəstəkarlar və akademik dairələr meyxananı akademik musiqi və yüksək sənət kateqoriyasına aid etmirlər. Onlar hesab edirlər ki, meyxanada ədəbi dəyər, musiqi strukturu və estetik incəlik azdır.

Digər tərəfdən, mədəniyyətşünaslar meyxananı xalqın dilinin və təfəkkürünün bir ifadə forması, folklorun çağdaş şəkli kimi qəbul edir və onun sosial-psixoloji rolunu önə çəkirlər.

Son illərdə bəzi meyxana ifalarında etika normalarının pozulması, təhqiredici ifadələr, şəxsi hücumlar və ictimai qıcıq yaradan mövzularda ifalar müəyyən hüquqi problemlərə yol açıb. Dəfələrlə meyxanaçılar hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq və ya cəza ilə üzləşiblər.

Eləcə də replə bağlı fikirlər birmənalı deyil.


Aydın Xan Əbilov

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “İstər sadə vətəndaşın, istərsə də incəsənət, mədəniyyət xadimləri, o cümlədən bəstəkar və musiqiçinin bu və digər incəsənət sahəsini bəyənməməsi ilə bağlı mövqeyinə hörmətlə yanaşsaq da, bu, dominant fikir olmamalıdır. Cavanşir Quliyev bizim görkəmli bəstəkarımızdır, amma bəzən elə fikir yürüdür ki, mat-məəttəl qalırsan. Ki, doğrudanmı ki, belə bir peşəkar bəstəkar geniş kütləni öz əhatəsinə almış sənət nümunələri haqda qısa və konkret, çox kobud bir ifadə ilə danışa bilər.

Biz Afrika, Asiya və yaxud slavyan ölkələrinin hər hansısa janrda yaranmış həm folklor, həm də musiqi əsərlərini bəyəndiyimizi bəyan edə bilərik, lakin bu bizim sadəcə yanlış mövqeyimiz ola bilər.

Ümumiyyətlə, milli olan, kütləyə təsir edən istənilən incəsənət sahəsini indiyə qədər qəbul etməyən çox sayda insanlar var ki, onlar özlərini intellektual, ziyalı, Avropa təfəkkürlü, şəhərli sayırlar. Lakin mən bu məsələdə çox tolerantam. Mən həm repin, meyxananın, həm də rokun Azərbaycan incəsənətində, musiqi sənətində çox böyük təsiri olduğunu düşünürəm. Məsələn, rok-operalar yaranıb, repin sintezi, meyxananın sintezi ilə bağlı çoxlu yeniliklər var. Xüsusən də gənclərimiz özlərini sübut etmək istəyirlər, onlar rok, rep və meyxanadan kütləvi musiqi janrlarında bir etiraz sənət nümunələri ortaya gətirirlər.

Bəli, ola bilər ki, orada hansısa müğənni kobud ifadə işlədə bilər. Bizim xalq musiqimizdə də çox sayda erotik və söyüşə yaxın fikirlər var. Bu o demək deyil ki, həmin incəsənət sahəsi, incəsənət istiqaməti qadağandır, pisdir və onu qəbul etmək olmaz. Siz bəyənməyə bilərsiniz, amma hörmətlə yanaşmalısınız, incəsənətin sahəsinə və yaxud nümunəsinə.

Meyxana Azərbaycanın milli, həm ruhani, həm də repin alternativi olan bir sənət nümunəsidir. Hər kəs muğam sədaları altında olan meyxananı dərk edə bilməyə bilər. Meyxana, bəlkə də, yeganə sənət nümunəsidir ki, istənilən xarici ölkənin musiqisini də öz içində əridə bilir. Məsələn, rus dilində, ingilis dilində meyxanalara rast gəlirik. Meyxana ilə sintez edilmiş hind və yaxud fars musiqisi və yaxud rus, türk musiqisi ilə Azərbaycan musiqisini sintez edib, ortaya maraqlı musiqi qoyurlar. Keçmişdə meyxananın trend olan bir çox siyasi istiqamətini də görürük.

Sözsüz ki, meyxanada bəzən söyüşlər, bəzən də el dilində olan qaba sözlər yer tuta bilər. Əlbəttə, elə yerlər var ki, yəni uşaq, qoca və yaxud rəsmi yerlərdə meyxanada, repdə söyüş söymək olmaz, qanunla da qadağandır. Lakin hansısa səhv edən repçinin və yaxud müğənninin də üzərinə bu qədər getmək olmaz. İnsan musiqi ilə öz fikirlərini söyləyir və bəlkə də onun çatışmayan cəhətidir ki, müəyyən kəskin fikirlərini söyləyə bilmir və söyüşə keçir. Bu baxımdan daha tolerant, fərqli baxışın tərəfdarıyam və düşünürəm ki, gələcəkdə də belə olacaq. Lakin qanunlara riayət etmək şərti ilə, əlbəttə".


Избранный
27
referans.az

1Источники