RU

Şuşadan gələn mesaj: BƏƏ nin sülh dəstəyi Cənubi Qafqazda yeni reallıqlar yaradır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Şuşa şəhəri bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasətin diqqət mərkəzinə çevrilib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın burada səsləndirdiyi bəyanat region üçün mühüm siqnal oldu. O, açıq şəkildə bildirdi ki, BƏƏ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan nailiyyətlərin davamını səbirsizliklə gözləyir və regionda sülhün bərqərar olması üçün dəstək verməyə hazırdır. Bu mövqe sadəcə diplomatik jest deyil, Cənubi Qafqazın gələcəyinə real təsir göstərə biləcək strateji yanaşmadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, BƏƏ dünyanın nüfuzlu və etibarlı tərəfdaş ölkələrindən biridir. Onun Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyi Bakının mövqeyinə beynəlxalq legitimlik qazandırır. Bu, eyni zamanda, Ermənistan üçün də aydın mesajdır: regionda yeni reallıqlar qəbul olunub və beynəlxalq ictimaiyyət Azərbaycanın suveren mövqeyini dəstəkləyir.

“BƏƏ dünyanın aparıcı sərmayə mərkəzlərindən biridir. Əmirliyin Qarabağın bərpası və inkişafı layihələrinə sərmayə yatırması, xüsusilə Şuşada turizm, enerji və infrastruktur sahələrinə maraq göstərməsi sülhün davamlılığına praktiki töhfə verə bilər. İqtisadi maraqlar formalaşdıqca münaqişənin yenidən alovlanması riski azalır, çünki region sabitlikdən qazanmağa başlayır.

Cənubi Qafqazda geosiyasi rəqabət davam edir: Rusiya, Qərb və regional güclərin maraqları toqquşur. Bu şəraitdə BƏƏ-nin neytral və balanslı mövqeyi sülh prosesinə əlavə etimad gətirə bilər. Onların dəstəyi həm Ermənistanı, həm də digər maraqlı tərəfləri kompromisə sövq edə biləcək diplomatik amildir.

Azərbaycan və BƏƏ İslam Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edən ölkələrdir. Şuşada verilən mesaj həm də İslam həmrəyliyinin təzahürüdür. Bu, Azərbaycanın haqq işinə mənəvi-siyasi dəstəyin göstəricisidir və beynəlxalq müsəlman dünyasında mövqelərimizi daha da möhkəmləndirir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, əgər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalansa, regionda yeni iqtisadi dəhlizlərin, nəqliyyat və logistika xətlərinin açılması perspektivi yaranacaq. BƏƏ bu dəhlizlərdə həm sərmayəçi, həm də strateji tərəfdaş kimi iştirak edə bilər. Bu, yalnız iki ölkənin deyil, bütün regionun sabitliyinə xidmət edəcək.

“Şuşada BƏƏ Prezidentinin səsləndirdiyi fikirlər Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Bu bəyanat göstərir ki, Azərbaycan-Ermənistan sülh prosesi artıq regional çərçivədən çıxaraq beynəlxalq gündəmin vacib istiqamətinə çevrilib. BƏƏ-nin dəstəyi həm siyasi, həm də iqtisadi baxımdan prosesin dayanıqlığını təmin edə bilər. Ən əsası isə bu mövqe sübut edir ki, Qarabağ münaqişəsinin sonu təkcə Azərbaycanın qələbəsi ilə deyil, həm də beynəlxalq əməkdaşlıq və inkişaf üçün yeni fürsətlərin başlanğıcı ilə ölçüləcək”, - deyə deputata fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
1
azertag.az

2Источники