RU

Azərbaycanda məktəblərlə bağlı yenilik Nazirlik hərəkətə keçdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 16-da Cəlilabadda məktəblinin sinif yoldaşını bıçaqla öldürməsi yenidən şagirdlərin davranışı və məktəb təhlükəsizliyi məsələlərini aktuallaşdırıb. Sözügedən hadisə təhsil ocaqlarında nəzarətin kifayət qədər olmaması barədə ciddi narahatlıqlar yaradıb. Vətəndaşları məktəblərə bıçaq və digər kəsici alətlərin necə daxil olduğu, niyə ciddi yoxlamaların aparılmadığı düşündürür.

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, baş verən hadisə təkcə bir şagirdin faciəsi deyil, bütövlükdə məktəblərdə təhlükəsizlik siyasətinin boşluqlarını üzə çıxarır:

“Son beş ildə ölkənin müxtəlif məktəblərində şagirdlər arasında münaqişə zəminində kəsici alətlərin tətbiqi ilə baş verən hadisələrin sayı artıb. Bu fakt onu göstərir ki, məktəblərə kənardan kəsici alətlərin rahatlıqla daxil edilməsi və daxildə nəzarət mexanizmlərinin zəifliyi ciddi təhlükə yaradır. Elm və Təhsil Nazirliyi son illərdə psixoloji xidmətin gücləndirilməsi, məktəb psixoloqlarının sayının artırılması istiqamətində addımlar atsa da, texniki nəzarət mexanizmləri olmalıdır”.

Kamran Əsədov

K.Əsədov bildirib ki, ABŞ-da məktəblərdə metal-detektorlar quraşdırılır, çantalar mütəmadi yoxlanılır və təhlükəsizlik xidmətləri fəaliyyət göstərir:

“Böyük Britaniyada polis məktəblərlə birgə patrul xidməti təşkil edir. Türkiyədə bəzi orta təhsil müəssisələrində valideyn nəzarət komissiyaları yaradılaraq giriş-çıxış prosesi gücləndirilir. Bu nümunələr göstərir ki, texniki vasitələrin tətbiqi, valideyn-məktəb əməkdaşlığı və hüquq-mühafizə orqanları ilə inteqrasiya şagirdlərin davranış risklərini minimuma endirir. Lakin metal-detektorlar təhlükəsizlik baxımından effektiv görünsə də,  şagirdlərdə “məktəb həbsxana kimidir” təsəvvürü də formalaşdıra bilər. Ona görə də tətbiq olunacaq mexanizmlər balanslı olmalı, həm təhlükəsizlik təmin edilməli, həm də psixoloji mühit pozulmamalıdır. Risk qruplarının müəyyənləşdirilməsi, davranış pozuntuları ilə bağlı erkən xəbərdarlıq sistemlərinin qurulması, məktəbdaxili monitorinqlərin gücləndirilməsi daha məqsədəuyğundur”.

Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi artıq “Məktəb polisi” layihəsini pilot şəkildə müzakirə edir:

“Bu, dövlətin problemi dərk etdiyini göstərir. Amma hələ də məktəblərə kənar şəxslərin asanlıqla daxil olması, çanta yoxlamalarının sistemli olmaması və şagirdlər üzərində davranış monitorinqinin zəifliyi davam edir. Hesab edirəm ki, məktəblərə metal-detektor və yoxlama sistemlərinin quraşdırılması təkbaşına problemi həll etməyəcək. Bununla yanaşı, valideynlərin məsuliyyəti artırılmalı, davranış qaydaları üzrə maarifləndirmə proqramları həyata keçirilməli, psixoloq və sosial işçilər şəbəkəsi genişləndirilməli, eləcə də polis–məktəb əməkdaşlığı gücləndirilməlidir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
globalinfo.az

1Источники