Akif Nəsirli: “Hökumət qeyri-neft sektorundan gəlirləri artırmağa çalışır, amma...”
Maliyyə Nazirliyi 2026-ci il dövlət büdcəsinin ilkin parametrlərini və 2026-2029-cu illər üzrə makroiqtisadi göstəricilərlə bağlı proqnozlarını açıqlayıb. 2026-2029-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə ÜDM-in artımı 2,9 %, 2027-ci ildə 3,3 %, 2028-ci ildə 3,1 %, 2029-cu ildə 4,8 % proqnozlaşdırılır.
Məlum olub ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır. Bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2% çoxdur. Yəni ölkə büdcəsinin gəlirləri 2025-ci ilə nisbətən cəmi 67 mln. manat çox olacağı proqnozlaşdırılır. Bu da çox aşağı rəqəmdir. Halbuki, 2024-cü illə müqayisədə 2025-ci ilin dövlət büdcəsi 4.3 milyard manat və ya 5.4 faiz artıb. Gələn il isə ən yaxşı halda 0.2 faiz. Niyə belə aşağı artım?
“İqtisadi artım tempi nisbətən yavaşıyır, buna görə əlavə vergi potensialı məhdud qalır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Çox maraqlı məqamı vurğulamısınız. Rəqəmlərdən göründüyü kimi, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2024-lə müqayisədə kəskin artıb (4,3 mlrd. manat və ya 5,4%). Amma 2026-cı ildə bu artım faktiki olaraq dayanır (cəmi 67 mln. manat və ya 0,2%). Bunun bir neçə səbəbi ola bilər. Əvvəla, neft-qaz gəlirləri ildən-ilə məhdudlaşır. Azərbaycan büdcəsinin əsas gəlir mənbəyi isə neft və qazdır. 2025-ci ildə yüksək enerji qiymətlərindən və hasilatdakı müvəqqəti artımdan büdcəyə əlavə vəsait daxil olub. 2026-cı ildən isə dünya bazarında qiymətlərin sabitləşməsi və hasilatın tədricən azalması gözlənilir. Bu, gəlir artımını məhdudlaşdırır. Digər tərəfdən, qeyri-neft sektorundan vergi gəlirləri məhduddur. Hökumət qeyri-neft sektorundan gəlirləri artırmağa çalışır, amma qısa müddətdə kəskin artım imkanı yoxdur. İqtisadi artım tempi nisbətən yavaşıyır, buna görə əlavə vergi potensialı məhdud qalır. Eyni zamanda, iqtisadi siyasətdə konservativ yanaşma var. 2026-2029-cu illər üçün “orta müddətli sabitlik” dövrü planlaşdırılır. Yəni hökumət büdcə gəlirlərini kəskin artırmaq əvəzinə, daha çox xərclərin optimallaşdırılmasına və fiskal dayanıqlığa önəm verir. 2025-ci ilin büdcə gəlirləri əvvəlki illərlə müqayisədə çox yüksək səviyyəyə çatıb (artım “sıçrayış” xarakteri daşıyıb). Belə hallarda növbəti ildə təbii olaraq artım nisbətən zəif olur, çünki artıq baza böyükdür. Dünya iqtisadiyyatında volatillik (enerji qiymətləri, qlobal tələbat, geosiyasi gərginliklər səbəbindən) fonunda hökumət ehtiyatlı proqnozlaşdırmaya üstünlük verir. Nəticə olaraq qeyd edək ki, 2026-cı ildə büdcə gəlirlərinin aşağı artımı əslində iki səbəbin birləşməsidir - 2025-ci ildə yüksək baza effekti və 2026-cı ildan etibarən enerji sektorunda məhdud resursların daha açıq hiss olunması. Bu, həm də hökumətin daha realist və konservativ proqnoz siyasəti ilə bağlıdır”.
Vidadi ORDAHALLI