RU

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, bölmə sədri, akademik İsmayıl Hacıyev iclas çərçivəsində 8 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələri barədə geniş məlumat verib. Akademik çıxışında bu görüşün regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayıb.

İsmayıl Hacıyev bildirib ki, belə bir yüksək səviyyəli görüşün ABŞ kimi nüfuzlu beynəlxalq tərəfdaşın təşəbbüsü ilə baş tutması, regionda Azərbaycanın artan nüfuzunun və beynəlxalq diplomatiyada oynadığı rolun göstəricisidir. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin konstruktiv, uzaqgörən və prinsipial mövqeyi nəticəsində Azərbaycanın milli maraqlarını əks etdirən yanaşmaları danışıqlarda əsas xətt kimi qəbul edilib.

Bu proseslərin elmi müstəvidə də təhlil olunmasının vacibliyini qeyd edən akademik İsmayıl Hacıyev çıxışında bölgədə yaranan yeni şəraitin elmi inteqrasiyalara və beynəlxalq elmi əməkdaşlıqlara da geniş imkanlar açdığını vurğulayıb, bu istiqamətdə AMEA Naxçıvan Bölməsinin aktiv mövqe tutmalı olduğunu diqqətə çatdırıb. Eyni zamanda Bölmənin karyera sərgisində iştirakı və əməkdaşların ali təhsil müəssisələrində yarım ştat və saat hesabı qaydasında işləmələri barədə məsələlərə də toxunub.

İsmayıl Hacıyev müxtəlif tədbirlərdə iştiraklarına görə fərqlənən əməkdaşlara ayrı-ayrı qurumların təşəkkürnamələrini də təqdim edib.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri, obsidian parçalarının aşkar olunduğunu qeyd edib. Vəli Baxşəliyev bu tapıntıların Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrinin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqlədiyini vurğulayıb.

Tarix elmləri doktoru, dosent Toğrul Xəlilov Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində aparılan arxeoloji ekspedisiyanın yekunları haqqında çıxış edib. Qazıntılar zamanı aşkara çıxarılmış artefaktlar, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verib. 

Axreoloqlar bildiriblər ki, tapıntılar Naxçıvanın qədim şəhərsalma mədəniyyəti, ticarət əlaqələri və sosial həyat tərzi barədə mühüm elmi məlumatlar əldə etməyə imkan yaradıb. Arxeoloji tədqiqatların yüksək elmi səviyyədə aparıldığı və müasir metodlardan istifadə olunduğu diqqətə çatdırılıb. Eyni zamanda, bu ekspedisiyaların Naxçıvanın tarixi irsinin araşdırılması və beynəlxalq elmi ictimaiyyətə tanıdılması baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva arxeoloqların işini yüksək qiymətləndirərək onları təbrik edib.

Təchizat və xidmət şöbəsinin müdiri İlham Cəfərov AMEA Naxçıvan Bölməsində 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti, Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasova isə 2025-ci il üçün Bölmə əməkdaşlarının doktoranturaya qəbul olması barədə məlumatları diqqətə çatdırıblar.

 

     

    

Избранный
29
1
xalqqazeti.az

2Источники