“Qarabağ”ın direktoru Emrah Çelikel Sportinfo.az-a müsahibə verib.
O, “Benfika” üzərindəki 3:2 hesablı qələbədən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda saytımızın suallarını cavablandırıb.
- Hesabda 2 top fərqi ilə geri düşdüyünüz oyunu qalib kimi başa vermək necə hisdir?
- Bu günü yaşadığımız üçün Allahımıza şükürlər olsun. Başımız dik, qürurla Azərbaycana qayıtdıq. Çox sevincliyik. Keçirdiyimiz hisləri sözləri ifadə etmək həqiqətən çətindir.
- Sonluğun belə olacağını ağlınıza gətirə bilirdiniz? Halbuki heç-heçə də qanaətbəxş nəticə sayılacaqdı.
- Tam razıyam. 1 xal da pis nəticə deyildi və buna çox inanırdım. Belə bir qələbənin qeydə alınması sürpriz oldu.
- Oyundan sonra “Benfika” rəsmiləri ilə söhbətiniz oldu? “Qarabağ” barədə nə deyirdilər?
- Matçdan sonra yox, əvvəl danışmışdıq. Söhbət etdiyimiz hər komandamızı tərifləyirdi. “Qarabağ”ın əsl Avropa klubu olduğunu onlarla söhbətdə daha yaxşı dərk etmək mümkün idi. Bizi qarşılamaqları, verdikləri dəyər, göstərdikləri hörmət – bir Azərbaycan klubuna bu cür münasibət həqiqətən qürur verdi.
- Çempionlar Liqasının əsas mərhələsində qələbə qalmışdı, onu da qazandınız. Həm də səfərdə. Bundan sonrakı arzunuz nədir?
- Hələ ciddi uğur qazanmamışıq. Arzularımız çoxdur. Onlardan biri, bəlkə də birincisi Liqa mərhələsini adlamaqdır. Görək, qismətimizdə nələr var.
HƏBİB