RU

Xaricdə təhsil proqramına qəbul “çətinləşdiriləcək” - nazirin sözü düz seçib-seçmədiyi mübahisə doğurdu...


Kamran Əsədov:“Əlavə maliyyə mənbələrinin tapılması, beynəlxalq fondlarla əməkdaşlıq, təhsil kreditlərinin genişləndirilməsi vacibdir ki, daha çox gənc arzusuna çata bilsin”

Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib ki, xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini daha da çətinləşdirməyi düşünürük.

Nazir bildirib ki, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı cari ildə 900 nəfərə yaxın idi: “Bu isə seçim prosesini son dərəcə çətinləşdirirdi. Çünki iki çox yaxşı namizəd arasında yalnız bir yer olanda məcburən kimsə kənarda qalır. Biz çalışırıq ki, ən yaxşıları seçək. Təbii ki, bu prosesdə müsahibələr də aparılır. Amma qəbul etmək lazımdır ki, istənilən müsahibə müəyyən qədər subyektivdir".

E.Əmrullayev qeyd etdiyi subyektivliyin minimuma endirilməsi məqsədinə nail olmağa çalışdıqlarını vurğulayıb:"Elə bir sistem qurmaq istəyirik ki, proqramlara qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Nəticədə təxminən 500 nəfər ən yaxşı namizəd seçilsin. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksək səviyyəli universitetlərə yönəltməyi düşünürük".

Nazir də belə söz danışar? Çətinləşdiriləcək nədir? Bu nə ifadədir? Bundan sonra gələn və xaricdə oxumaq istəyən gəncin günahı nədir? Özü xaricdə təhsil almış nazir belə çətinliklərlə üzləşib? Arxadan gələnlər niyə üzləşməlidir?

Biz görmüşük ki, imtahan qaydaları asanlaşdırılar, təkmilləşdirilər, optimallaşdırılar və sair.

Xaricdə oxumaq istəyənlərin sayı artırsa, bu prosesi idarə etmək lazımdır, qabağına daş itələmək yox.Əlavə vəsait mənbəyi tapmaq lazımdı ki, istəyənlərin çoxu arzusuna çatsın. Paralel olaraq ölkə təhsilinin səviyyəsini qaldırmaq lazımdır ki, gənclər xarici universitetlərə axışmasın.Yol budur.

“Mənfi tərəf isə ondan ibarətdir ki, “çətinləşdirmə” ifadəsi ictimaiyyətə, sanki...”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə ilk növbədə bildirdi ki, elm və təhsil nazirinin xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesinin çətinləşdiriləcəyi ilə bağlı fikri təhsil siyasətinin strateji hədəfləri ilə bağlıdır. “Təhlil göstərir ki, son illərdə dövlət proqramına maraq əhəmiyyətli dərəcədə artıb. Nazirliyin açıqlamasına görə, bu il 900-ə yaxın gənc müraciət edib, halbuki, ayrılan yerlərin sayı təqribən 400 civarındadır. Yəni tələb təklifdən iki dəfəyə yaxın çoxdur. Bu isə seçim mexanizminin daha sərt, obyektiv və ədalətli qaydada aparılmasını qaçılmaz edir. Məhz bu kontekstdə “çətinləşdiriləcək” ifadəsi ortaya çıxır. Əslində, burada məqsəd kiminsə yolunu bağlamaq deyil, əksinə, məhdud resurslar fonunda ən yüksək potensiala malik gəncləri seçməkdir”.

K.Əsədov qeyd etdi ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində göstərilir ki, dövlət təhsil sisteminin əsas prinsiplərindən biri təhsilin əlçatanlığı və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır: “Xaricdə təhsil üzrə dövlət proqramı da bu məqsədə xidmət edir. 2007–2015-ci illərdə icra edilən birinci proqram çərçivəsində 3 500-dən çox tələbə xaricdə təhsil almaq imkanı əldə edib. 2022-ci ildən başlayan yeni proqram isə 2026-cı ilə qədər 2 000 nəfərin dəstəklənməsini hədəfləyir. Deməli, müraciət edənlərin sayı real yerlərdən dəfələrlə çox olduğu üçün seçim mexanizmi zərurətən sərtləşdirilməlidir.

Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi prosesin idarəedilməsində subyektiv yanaşmalardan uzaqlaşmaq və yalnız akademik göstəricilərə əsaslanmaq niyyətindədir. Bu, həm ədalətli rəqabəti təmin edəcək, həm də dövlət büdcəsindən ayrılan vəsaitin effektiv istifadəsinə zəmanət verəcək. Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsində təhsilə ayrılan ümumi xərclər 4,6 milyard manat təşkil etsə də, bunun çox kiçik bir hissəsi xaricdə təhsilə yönəldilib. Ona görə də əlavə maliyyə mənbələrinin tapılması, beynəlxalq fondlarla əməkdaşlıq, təhsil kreditlərinin genişləndirilməsi vacibdir ki, daha çox gənc arzusuna çata bilsin.

Mənfi tərəf isə ondan ibarətdir ki, “çətinləşdirmə” ifadəsi ictimaiyyətə sanki gənclərin qarşısına süni maneələr qoyulacaqmış kimi təqdim olunur. Halbuki, dünya təcrübəsi göstərir ki, xaricdə təhsil proqramlarında “seçicilik” anlayışı geniş tətbiq olunur. Məsələn, Almaniyanın DAAD proqramı hər il on minlərlə müraciət alsa da, yalnız yüksək akademik nəticələr göstərənlərə şans verir. Eyni zamanda Koreyanın “Global Korea Scholarship” proqramında müraciət edənlərin cəmi 5–7%-i seçilir. Bu, həmin ölkələrin təhsil siyasətində keyfiyyət meyarlarının qorunmasına xidmət edir. Azərbaycan da eyni yolu seçməklə dövlət vəsaitini ən yüksək nəticələr verəcək gənclərə yönəltməyə çalışır.

Gələcəkdə dəyişəcək əsas məqam ondan ibarət olacaq ki, proqram daha çox dünyanın ilk 200 universitetinə yönəldiləcək, orta səviyyəli ali məktəblərə göndərişlər isə məhdudlaşdırılacaq. Bu, ölkəyə qayıdan məzunların keyfiyyət göstəricilərini yüksəldəcək. Eyni zamanda, ölkə daxilində təhsilin keyfiyyətinin artırılması vacibdir ki, gənclər kütləvi şəkildə xaricə getmək istəməsinlər. Nazirliyin daxili islahatları – müəllimlərin sertifikasiyası, yeni dərsliklərin hazırlanması, rəqəmsal məktəb layihəsi – bu istiqamətdə mühüm addımlardır və təqdirəlayiqdir”.

K.Əsədovun fikrincə, beynəlxalq müqayisə göstərir ki, inkişaf etmiş ölkələrdə təhsil siyasəti yalnız xaricə göndərməklə məhdudlaşmır, paralel olaraq ölkə daxilində universitetlərin imkanları genişləndirilir. O qeyd etdi ki, Finlandiya, Sinqapur və Estoniya kimi nümunələrdə xaricdə təhsil alanların sayı az olsa da, daxildə yaradılan şərait dünya reytinqlərində yüksək nəticələr göstərməyə imkan verir: “Azərbaycan üçün də əsas yol budur: xaricdə oxumaq istəyənlərin qarşısını almaq deyil, paralel olaraq daxili universitetləri cazibədar etmək və əlavə resurslarla daha çox gəncin arzusuna çatmasına şərait yaratmaq.

Ona görə də Elm və Təhsil Nazirliyinin mövcud addımını yalnız inzibati sərtləşmə kimi deyil, resursların optimallaşdırılması və keyfiyyətin təminatı kimi görmək lazımdır. Bu müsbət bir yanaşmadır. Lakin proses ictimaiyyətə daha düzgün izah edilməlidir ki, “çətinləşdirmə” ifadəsi mənfi emosional assosiasiya doğurmasın. Əksinə, cəmiyyət başa düşməlidir ki, məqsəd gənclərin yolunu bağlamaq yox, ən yüksək potensiala sahib olanların dəstəklənməsidir. Bu yanaşma Azərbaycanın təhsil siyasətində həm ədalət, həm də keyfiyyət baxımından əsaslı irəliləyiş olacaq”.

İradə SARIYEVA

Избранный
34
25
baki-xeber.com

10Источники