ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda zaman-zaman sərinişinlərlə avtobus sürücüsü arasında mübahisələr yaranır. Hətta bəzi hallarda bu, əlbəyaxa davaya, ciddi xəsarətlərə qədər gəlib çıxır. Ötən gün paytaxtın Nizami rayonu ərazisində də oxşar hadisə yaşandı. Belə ki, sürücünün sərnişindən ödəniş tələb etməsindən sonra döyüldüyü bəlli olub.
Bu cür hadisələrin qarşısı necə alına bilər? Avtobus sürücülərini psixopat sərnişinlərdən necə qorumalı? Sürücü kabinini salondan tam izolə etmək mümkündürmü?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, sərnişinlə sürücü arasında yaşanan insident hücumun xarakteri və nəticəsindən asılı olaraq Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə məsuliyyətə səbəb ola bilər:
“Məsələn, 221-ci madddəyə əsasən, ictimai asayişi açıqca pozan, cəmiyyətə qarşı hörmətsiz hərəkət edən sərnişinlər barəsində ittiham irəli sürülə bilər. Həmçinin sürücüyə fiziki xəsarət yetirildiyi və ya qəsdən sağlamlığa vurulan zərərin nəticəsi ağır olduğu halda sərnişin məsuliyyətə cəlb olunur. Hücum sürücünün idarəetməni itirməsinə, qəza təhlükəsinə səbəb olarsa, məsuliyyət daha ağır olur. Çünki faktiki olaraq “ictimai təhlükəli üsulla törədilmiş cinayət” kimi qiymətləndirilə bilər”.
Asim Abbasov
Vəkil qeyd edib ki, qanunvericiliklə avtobuslarda sürücü ilə sərnişin salonu arasında baryerin qadağan edilməsi nəzərdə tutulmayıb:
“Əksinə “Yol hərəkəti”, “Avtomobil nəqliyyatı haqqında” qanunlar, Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin texniki norma və standartları barəsində qərarları təhlükəsizlik tələblərini müəyyən edir. Əgər kabin izolasiyası sürücünün görmə bucağını məhdudlaşdırmır, fövqəladə hallarda sərnişinlərin təxliyəsinə mane olmur və texniki standartlara zidd deyilsə, bu, qadağan edilmir. İşəgötürən işçilərin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün tədbirlər görməlidir. Sürücünün iş şəraitinin təhlükəsiz olması hüquqi öhdəlikdir.
Bu kontekstdə sürücü kabinəsinin müdafiəsi üçün texniki vasitələr – bariyer, şüşə, kamera, hücum zamanı təcili yardım düyməsi – dispetçerə siqnal, təhlükəsizlik kameraları, yaxud GPS izləmə və polis orqanlarına məlumat ötürülməsi sistemləri təşkil olunmalıdır. Əgər işəgötürən bu öhdəlikləri yerinə yetirmirsə və sürücü zərər görürsə, işəgötürən zərərin ödənilməsi kimi mülki-hüquqi məsuliyyət daşıyır”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.