İnsanlar digərlərindən fərqlənməyi xoşlayırlar. Bunun üçün də hər kəs bir yol tutur. Məsələn bəzi insanlar daha çox istifadə etdikləri parfümlə seçilməyə çalışır. Belələri kəskin qoxulu ətriyyatdan istifadə etməklə ətrafdakıların diqqətini cəlb etmək istəyirlər. Bəli, onlar diqqət cəlb edə bilirlər.
Lakin çox zaman bu diqqət ikrah doğurur. Çünki bir çox insanların kəskin qoxuya qarşı ya allergiyası, ya da antipatiyası var.
Təbii ki, bu şəxslər kəskin qoxudan istifadə edənlərə aqressiv reaksiya verirlər.
Mövzu ilə bağlı fikirlərinin Bizim.Media ilə bölüşən Sədaqət Əliyeva deyir ki, ətriyyatdan həm kişilər, həm də qadınlar istifadə edir:
“Doğrudur, elə insanlar var, istifadə etmir. Amma bəzən də ictimai yerlərdə müxtəlif tünd, sıxıcı ətirlərdən istifadə edənlər olur. Bu da digərlərində narahatlığa səbəb olur. Ümumiyyətlə, ətir seçəndə təkcə öz zövqünə uyğun yox, ətrafa da hansı təsiri bağışlayacağını nəzərə almaq yaxşıdır.
Ətirlərin insanlara psixoloji və əhval - ruhiyyə baxımından təsiri var.
Elə ətir var ki, insanın əhvalına xoş təsir edir, eləsi də var sıxıcılıq və gərginlik gətirir. Əsasən ictimai tədbirlərdə, qapalı məkanlarda insanlar toplaşarkən çoxsaylı adamların hərəsi müxtəlif növ ətirlərdən istifadə etdiyi halda boğunuq atmosfer yaranır, çox zaman baş ağrısı yaranır. Çünki ətirlərin qoxusu qarışır. Bəzi ətirlər nəfəs yollarında həssaslıq olan adamlara çox pis təsir edir. Odur ki, başqalarını narahat etməmək, ümumi auranı qorumaq məqsədi ilə ətir seçəndə və istifadə edəndə diqqətli olmaq lazımdır”.
Surxay Atakişiyev