Baku.ws saytına istinadən ain.az xəbər verir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ağcabədi rayonunda baş vermiş ölümcül yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinə baxaraq, təqsirləndirilən Nüsrət Mehdiyevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (nəqliyyat vasitələrinin hərəkət qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan adam öldürmə) ilə təqsirli bilib.
Məhkəmə Mehdiyevi 6 il müddətinə azadlıqdan məhrum etmə və 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edib.
BAKU.WS-in məlumatına görə, hadisə 2024-cü ilin 24 sentyabrında Ağcabədi-Ağdam avtomobil yolunun Poladlı kəndindən keçən hissəsində baş verib.
Nüsrət Mehdiyev sürücülük hüququ olmadan idarə etdiyi "Tofaş Şahin" markalı avtomobillə Ağdam istiqamətində hərəkət edərkən yol hərəkəti qaydalarını pozub. Yaşayış məntəqəsində maksimum 60 km/saat sürət həddi olmasına baxmayaraq, o, 79.4 km/saat sürətlə hərəkət edib və qarşı istiqamətdə dönmə manevri edən "VAZ-21074" markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində "VAZ-21074"-ün sürücüsü Mahir Şükürzadə aldığı ağır xəsarətlərdən (qabırğaların sınıqları, ağ ciyərin cırılması və daxili qanaxma) xəstəxanada vəfat edib. Mehdiyevin avtomobilində sərnişin qismində olan oğlu İsmət Mehdiyev və həmkəndlisi Xəlil İsmayılov isə müxtəlif dərəcəli xəsarətlər alıb – İsmət Mehdiyevə az ağır, Xəlil İsmayılova isə ağır xəsarətlər yetirilib.
Məhkəmə istintaqında təqsirləndirilənin ifadəsi, zərərçəkmişlərin və şahidlərin ifadələri, ekspert rəyləri (yol-nəqliyyat, məhkəmə-tibbi, narkoloji və psixiatrik ekspertizalar) və digər sübutlar tədqiq edilib.
Ekspert rəylərinə görə, hər iki sürücü sürücülük hüququ olmadan avtomobil idarə edib, lakin Mehdiyevin sürət həddini aşması hadisənin baş verməsi ilə birbaşa əlaqəli olub. Məhkəmə Mehdiyevin yol hərəkəti haqqında qanunun 33-cü (sürücülük hüququ olmadan idarəetmə) və 50-ci (sürət həddi) maddələrinin tələblərini pozduğunu müəyyən edib.
Mehdiyev məhkəmədə əməlini etiraf edib və peşman olduğunu bildirib. O, qəza zamanı avtomobilinin sürətinin 60 km/saat olduğunu, qarşı tərəfin dönmə manevri ilə qarşısına çıxdığını iddia etsə də, ekspertizalar onun iddialarını təkzib edib.
Zərərçəkmiş Şükürzadənin atası hökm zamanı barışmadığını və qanunla nəzərdə tutulmuş cəza verilməsini tələb etdiyini bildirib. Digər zərərçəkmişlər – oğlu İsmət Mehdiyev və Xəlil İsmayılov isə təqsirləndirilənlə barışıb və şikayətləri olmadığını qeyd ediblər.
Məhkəmə cəza təyin edərkən yüngülləşdirici halları – Mehdiyevin azyaşlı uşağının olması, peşmançılığı, zərərçəkmişlərlə barışıq, oğlunun Vətən Müharibəsi iştirakçısı olması ("Vətən Müharibəsi iştirakçısı", "Xocavəndin azad olunmasına görə" və digər medallar) – nəzərə alıb. Ağırlaşdırıcı hal müəyyən edilməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.