RU

“Sülh müqaviləsi 2026-ya qalmayacaq…” – sensasion gəlişmə

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. O, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaq”, – Rubinyan deyib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununa nəzərdə tutulub. Yalnız bundan sonra konstitusiya referendumunun keçiriləcəyi bildirilirdi. Lakin Fidan və Rubinyanın açıqlaması göstərir ki, tarix tezləşə də bilər. Belədirmi? Bakının əsas şərti ilin sonuna qədər təmin edilə bilərmi? Texniki baxımdan bu mümkünmü?

Qabil

Qabil Hüseynli 

Professor Qabil Hüseynli ilin sonunadək referendum keçiriləcəyinə ümid etmir. Onun sözlərinə görə, erməni tərəfi belə bir anons versə də, bunu ehtimal kimi irəli sürüb: “Ankara və İrəvandan verilən bəyanatlar sülh prosesində dinamikadan xəbər verir. Görünür ki, danışıqlarda yeni mərhələ başlanıb. Tərəflər tezliklə yekun sənədin imzalanmasını istəyir ki, həm Türkiyə-Ermənistan sərhədləri açılsın, həm də regionda həssas dönəmdir, tələsmək lazımdır. Bunu ilk növbədə Ermənistan anlamalıdır. Onu çətin seçki gözləyir və Rusiyanın müdaxilə riskləri var. Moskva Cənubi Qafqazda hadisələri korlamaq üçün təzyiq yolları axtarışındadır. Nə qədər ki, onun başı Ukraynada qarışıb və təsir imkanları azalıb, yekun sənədin imzalanması üçün tələb olunan şərtləri İrəvan yerinə yetirməlidir. Mən bu ilin sonuna qədər olmasa da, gələn ilin seçkilərinədək referendum gözləyirəm, Paşinyan buna getməyə məcburdur”.

Q.Hüseynli hesab edir ki, Ermənistan parlamenti də Konstitusiyadan həmin iddianı çıxara bilər: “Çünki zamanında parlamenin qərarı ilə qəbul edilib. Parlamentdə hakim partiya üzvləri belə bir təşəbbüs irəli sürərsə, ümumxalq seçkilərinə ehtiyac qalmayacaq. Hər halda, Paşinyan ehtiyatlı və kövrək addımlar atmağa üstünlük verir. Onun cəmiyyətin reaksiyalarından qorxusu göz qabağındadır. Ona görə də işi mərhələli aparır. Məsələn, Ağrıdağ möhürünü ləğv etməsi ilkin addımdır. Bu, asan məsələ deyil. Erməni xalqı üçün ağır qərarlardır. Yüzillərlə oturuşmuş bir sistem dağıdılır, yeni yanaşma gətirilir. Bunu ermənilərə qəbul etdirmək mürəkkəb işdir. Ona görə də Qarabağa iddianı da qanunvericilik aktlarından yığışdırmaq üçün erməni xalqını buna hazırlamaq lazımdır. Bu nöqteyi-nəzərdən gələn ilin yayına qədər bir çox problemlərin həllini tapacağını gözləyirəm. Bu ilin axırında isə yekun sənəd o halda imzalana bilər ki, Ermənistan noyabrda referenduma getsin və tələm-tələsik dəyişiklikər etsin. Bu da Paşinyan iqtidarının vəziyyətindən asılıdır”.

Zəngəzur

Aqşin Kərimov

Siyasi təhlilçi Aqşin Kərimov hesab edir ki, Ermənistan hərtərəfli yekun sülhə nail olmaq üçün üzərinə götürəcəyi mərhələli öhdəliklərlə bağlı Azərbaycana plan təqdim etməlidir. Onun fikrincə, bu planın vaxt qrafikinin olması şərtdir. “Bu həll planı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş razılıqlar və paraflanmış sülh sənədinin mahiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Ermənistan öz ordusunu hücum qabiliyyətli deyil, müdafiə konsepsiyası əsasında məhdud silahlanacağına dair məsuliyyət götürməlidir. Bu məsuliyyətdən irəli gələrək, Azərbaycan Ermənistanın hərbi arsenalının məhdudlaşdırılması tələbini konkretləşdirən sənədi Ermənistana təqdim edə bilər. Bu, ehtimalla Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü təşəbbüs və şərtlərin bir hissəsinin icrası halında mümkünləşəcək”.

Onun sözlərinə görə, digər tərəfdən, Ermənistan Konstitusiyasını dəyişdirməli, ölkənin siyasi sistemində ərazi iddiaları ilə çıxış edən sənədlərə son verməli, partiyaların revanşizmə əsaslanan ideologiyalarını sonlandırmalıdır: “Geosiyasi cəhətdən isə Ermənistan ona havadar olan qüvvələrin Azərbaycana qarşı müqavimət cəhdlərinə qarşı mövqelənməlidir.

İrəvan Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan sərhədlərini monitorinqini dayandırmağa nail olmalı, bundan sonra Azərbaycanın hərbi mövqelərinin sərhəd boyunca delimitasiya kontekstində irəli çəkilməsinə qarşı manevr etməməlidir.

Bu, regionda Azərbaycan, onun strateji müttəfiqi Türkiyənin maraqları ilə uyğunluq təşkil etməlidir, həmçinin Ermənistan üzərindən Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı qarşıdurma risklərini aradan qaldıra bilər. Başqa bir məsələ isə Ermənistanın ərazisində, ümumiyyətlə, xarici ölkələrin hərbi bazasının olmaması ilə əlaqədardır. 

Bu xüsusda Ermənistan, ümumiyyətlə, xarici dövlətlərin hərbi bazasının ölkə ərazisində yerləşməyəcəyinə dair təminat verməlidir.

Əlavə olaraq, Ermənistan Rusiyanın 102-ci bazasının ölkə ərazisini tərk etməsinə nail olsa, bu, Azərbaycanla əlaqələrdəki müsbət dinamikaları daha da möhkəmləndirəcək. Hərçənd ki, Ermənistanın Rusiya bazasını çıxarması ilə əlaqədar performans göstərəcəyi çətin və mürəkkəbdir”.

Yada salaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlandırılan layihənin mətni artıq tam razılaşdırılıb. Preambula və 17 maddədən ibarət saziş layihəsini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan paraflayıb.

İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edib.

Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri adətən xarici işlər nazirləri və ya danışıqlar üzrə səlahiyyətli şəxslər sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır, bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.

Musavat.com

Избранный
19
1
editor.az

2Источники