Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,etirazçılar İsrail konsulluğunun yerləşdiyi Manhettendə küçələri və səkiləri dolduraraq, dindar tələbələrin məcburi hərbi xidmətdən azad edilməsinə potensial son qoyulmasına qarşı çıxdı. İsrail konsulluğunun, həmçinin BMT-nin Manhetten kompleksindən cəmi bir blok aralıda yerləşməsi, aksiyaya beynəlxalq diqqət cəlb edib. Bu nümayiş Nyu-Yorkda və ətraf bölgələrdə yaşayan çoxsaylı ultra-ortodoks yəhudilər ilə İsrail dövləti arasında uzun illərdir davam edən gərgin və mürəkkəb münasibətlərin növbəti nümunəsi oldu. Etiraz aksiyasına ultra-pravoslav Satmar icmasının iki əsas – və tez-tez bir-birinə rəqib – lideri dəstək verərək tərəfdarlarını iştirak etməyə çağırıblar. ABŞ və Kanadadakı ortodoks yəhudi qruplarını birləşdirən Mərkəzi Rabbin Konqresi etirazın təşkilinə yardım göstərib. Nümayişin keçirilməsi, İsrail Ali Məhkəməsinin hökumətə ultra-ortodoks kişilərin də hərbi xidmətə çağırılmasına başlamağı əmr etməsindən sonra aktuallaşıb. Qeyd edək ki, bu qrup 1948-ci ildə İsrail dövlətinin qurulmasından bəri hərbi xidmətdən azad edilmişdi.