Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyadakı Xmeymim aviabazasına uçuşları bərpa edib.
NOCOMMENT.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ən azı iki Rusiya təyyarəsi Suriyadakı aviabazanın yerləşdiyi Latakiya şəhərinə uçub.
Məlumata görə, oktyabrın 26-da Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-62M nəqliyyat təyyarəsi Liviyadan Latakiyaya, oradan isə Moskva vilayətinə yola düşüb. Ağır yüklər daşıya bilən “Ruslan” An-124-100 təyyarəsi isə oktyabrın 24-dən 30-dək üç dəfə hava limanına varid olub. Onun soonuncu uçuşu çərşənbə günü həyata keçirilib.
“Bloomberg”in Kremldəki mənbəyi Rusiyanın hava səfərlərini bərpa etdiyini təsdiqləyib.
Moskva Suriyadakı bazalarından Yaxın Şərq və Afrikada hərbi mövcudluğunu genişləndirmək üçün istifadə edirdi. Rusiyanın Afrikanın bəzi bölgələrində əməliyyatları üçün əsas logistika qovşağı rolunu oynayan aviabazadan əlavə, Rusiya Tartusda limana malikdir. Bu liman Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dəniz bazasıdır.
Xatirə SADİQ