Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib. Bu birlik tarixi Zəfərimizdən sonra daha da möhkəmlənib. 2021-ci ilin iyununda Azərbaycan və Tükiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının ardınca həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Bakıda bir araya gələrək birliyimizin təqdimatı olan Bakı Bəyannaməsini imzaladılar. Ölkələrimiz arasında əlaqələr müxtəlif səviyyələrdə uğurla inkişaf etdirilir. Bu həmrəyliyin növbəti təzahürü kimi bu ilin 28 May-Müstəqillik Günündə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünü qeyd edə bilərik. Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çiyin-çiyinə dayanaraq şanlı Zəfərimizin qürurunu birgə yaşamalarının sevinci səsləndirdikləri çağırışlarda da özünün aydın ifadəsini tapdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm" fikirlərənin davamı olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər.
Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın diqqətini Azərbaycana, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlara yönəldən Hərbi paradda dövlət başçısı İlham Əliyevin səsləndirdiyi hər bir fikir dünənimizə baxış, gələcəyəmizə yönələn çağırış oldu. Azərbaycanın şanlı Qələbəyə gedən yolundan, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə qazandığı uğurlardan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən geniş bəhs edən Prezident İlham Əliyev bildirdi ki, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Bu gün Azərbaycan Ordusunun texnikası həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından dünyada ön sıralardadır. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olundu. Bu müxtəliflik ordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Yüksək döyüş hazırlığı səviyyəsinə malik olan Azərbaycan Ordusu regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir.
Millət vəkili Müzəffər Ali Baş Komandanın çıxışında yer alan bu məqama xüsusi diqqəti yönəldib ki, Ermənistan İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşdı, ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başladı. Onlar Azərbaycanı yeni müharibə ilə hədələdilər. Müzəffər Ali Baş Komandan Hərbi paradda bu çağırışı etdi ki, deyirdilər onların tankları Bakı küçələrində olacaq. Deyirdilər onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlıdır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinə beynəlxalq dəstək də bunun bariz nümunəsidir. Türkiyə və Pakistan liderləri çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda bu məqamı xüsusi qeyd etdilər. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bölgəmizdə yeni bir dövrün qapıları açılıb. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, tarixi Zəfərimiz Türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsini bir hədəf kimi qarşıya qoyub. Hərbi paraddakı çıxışında Rəcəb Tayyib Ərdoğan böyük qürur hissi ilə qeyd etdi ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk.
Vüqar Rəhimzadə bildirib ki, Zəfərimizin beş illiyinin reallıqlarını özündə təcəssüm etdirən Hərbi parad tariximizə növbəti qürur səhifəsini yazdı. Dünyanın diqqəti növbəti dəfə Azərbaycana, onun regionda və beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə, söz sahibliyinə yönəldi. Azərbaycanın hər bir hədəfə uğurla nail olması ölkəmizin dayanıqlı inkişafını şərtləndirən əsas amildir. Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, gələcəklə bağlı çağırışlarının təqdimatıdır. Bu baxımdan Prezident İlham Əliyevin Hərbi paradda səsləndirdirdiyi hər bir çağırış hazırda dünya və ölkə mətbuatlarında geniş müzakirə edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik.
Milli Məclisin deputatı bu fikri xüsusi qeyd edib ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycana, onun ədalətli və beynəlxalq hüquqa əsaslanan siyasətinə dəstək Hərbi paradda iştirak edən qonaqların say tərkibində də özünün bir daha aydın ifadəsini tapdı. Belə ki,bu möhtəşəm parada müxtəlif ölkələrin müdafiə nazirləri, hərbi nümayəndə heyətləri qatıldılar. Türkiyə və Pakistanın ali nümayəndə heyətlərindən əlavə, Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın müdafiə naziri və Özbəkistanın müdafiə nazirinin müavini də paradda iştirak etdilər. Noyabrın 8-də Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad bir daha sübut etdi ki, Azərbaycan hər zaman əməkdaşlıq məkanı, sülhün, təhlükəsizliyin tərəfdarı kimi dünyanın diqqətindədir.