RU

Qadınların turizmdə rolunun artırılmasına dair ikinci tədbir keçirilib - FOTOLAR

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur.

  • Layihənin icra müddəti: 3 aydır.

  • Layihə: Lerik rayonu, Bibiyanı kəndində həyata keçirilir.

Layihənin ümumi və spesifik məqsədləri

Layihənin ümumi məqsədi — regional turizmin inkişafına dəstək verməkdir.

Spesifik məqsədlər:

  • Turizm potensialı olan Bibiyanı kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi yolu ilə onlara dəstək vermək (monitorinq zamanı qadınların ehtiyacları dəqiqləşdiriləcək);

  • Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatları və vergi qanunvericiliyi barədə qadınların məlumatlandırılması;

  • “Koordinasiya qrupu”nun yaradılması (turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının əlaqələndirilməsi məqsədilə);

  • Bibiyanı turistik kəndində turist qəbulu ilə məşğul olan evləri əks etdirən (qısa məlumat və fotolarla) bukletin hazırlanması və yayılması.

Layihə çərçivəsində qadınlar üçün hər qrupda 10 nəfər olmaqla 5 təlim təşkil ediləcəkdir.

Təlimlərin mövzuları

  • Qadın liderliyi, qadın haqları və onların müdafiə mexanizmləri;

  • Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (qonaqlama təlimləri);

  • Turizm təsərrüfatı ilə məşğul olan ailələrdə praktiki təlimlər və təcrübə mübadiləsi;

  • “Koordinasiya qrupu”nun yaradılması və ailələrin turistlərə yüksək səviyyəli xidmət göstərməsi üçün dəstək;

  • Bibiyanı kəndi və yaxın ətrafdakı görməli yerlər barədə məlumat və şəkillərin yer aldığı bukletin hazırlanması və paylanması.

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi bu layihə çərçivəsində ikinci tədbir 2025-ci il noyabrın 4-də Lerik rayonunun Bibiyanı kəndində, kənd sakini Hüseynova Tamara xanımın evində baş tutub.

Tədbirdə 12 nəfər qadın iştirak edib. Tədbiri layihənin ekspertləri Nabat Qəniyeva və Dilarə Əfəndiyeva aparıblar.

Tədbir layihə, donor təşkilat və icraçı cəmiyyət haqqında məlumatla başlayıb. Ardınca qadın haqları və onların qorunması mexanizmləri barədə təqdimat olub.
Dövlət qadın siyasəti, qanunvericilikdə qadınlara verilən hüquq və güzəştlər haqqında müzakirələr aparılıb. Beynəlxalq konvensiyalar, o cümlədən CEDAW haqqında məlumat verilib.

Qadın liderliyi və qonaqqarşılama ilə bağlı müzakirələr xüsusi maraq doğurub.
Görüş zamanı turizm sahəsində uğur qazanan qadın sahibkarların hekayələri təqdim olunub, layihələrin idarə edilməsi, marketinq və turistlərlə ünsiyyət mövzularında praktik tövsiyələr verilib.

Qadınlara “Koordinasiya qrupu”nun fəaliyyəti və məqsədləri izah edilib, könüllü olaraq qrupa qoşulmaq istəyənlər qeydiyyata alınıb.
Onlara izah olunub ki, turizm fəaliyyətində iştirak təkcə evdə turist qonaqlamaqla məhdudlaşmır – digər istiqamətlərdə də fəaliyyət göstərmək mümkündür.
“İş yerləri yoxdur” deməyin, çünki iş yerlərini siz özünüz yarada bilərsiniz. Qadınlara həm özləri, həm də digərləri üçün iş imkanlarını necə yarada biləcəkləri barədə ətraflı məlumat verilib.

 

Layihənin əsas məqsədi

Təşəbbüsün əsas məqsədi — kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial imkanlarını genişləndirmək, onları turizm sahəsinə və yerli turizm xidmətlərinin inkişafına cəlb etməkdir.

Tədbir iştirakçıları kənd turizminin davamlı inkişaf, gəlir mənbəyi və milli mədəni irsin qorunması üçün mühüm vasitə olduğunu vurğulayıblar. Qeyd olunub ki, qadınlar bu prosesdə əsas hərəkətverici qüvvə ola bilərlər — qonaq evləri, milli mətbəx və əl sənətləri kimi sahələrdə öz təşəbbüslərini reallaşdıra bilərlər.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, iştirakçılar üçün şirniyyat və çay süfrəsi təşkil edilib.

Избранный
23
8
qht.az

10Источники