RU

Amerikalı ekspert: Tramp Mərkəzi Asiya liderləri ilə görüşündə TRIPP dəhlizini Orta Dəhlizin mühüm hissəsi kimi qeyd edib

Vaşinqton, 12 noyabr, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında bərqərar olan sülh Zəngəzur dəhlizini daha geniş mənada Orta Dəhlizin real və arzuolunan bir hissəsinə çevirir. Bu sözləri AZƏRTAC-a açıqlamasında amerikalı ekspert, Xəzər Siyasəti Mərkəzinin Təhlükəsizlik və Siyasi Proqramın sədri və idarə heyətinin üzvü Riçard Hoqland deyib. O bildirib ki, Orta Dəhliz ən azı on ildir ki, inkişaf edir və əsasən Çinin təşəbbüsü və rəhbərlik etdiyi bu layihə Mərkəzi Asiya üçün mühüm iqtisadi inkişaf yaradır. R. Hoqland əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Mərkəzi Asiyadan olan beş prezidentlə görüşü müsbət və alqışlanan hadisə idi. Onun sözlərinə görə, bu, ABŞ-ın Mərkəzi Asiya dövlətlərinin çoxvektorlu xarici siyasətində əsas oyunçu olduğunu göstərir və görüş açıq şəkildə C5 konsepsiyasını bir daha təsdiqləyir.

“Prezident Tramp Mərkəzi Asiya liderləri ilə son görüşündə Cənubi Qafqazdan keçən TRIPP dəhlizini Orta Dəhlizin mühüm hissəsi kimi qeyd edib. Orta Dəhlizdə ticarət və nəqliyyat artsa, onun daha da inkişaf etdirilməsinə ehtiyac var. ABŞ şirkətlərinin Orta Dəhliz boyunca layihələrə sərmayə qoyması üçün ev sahibi ölkələr öz iqtisadi siyasətlərinin, ticarət və gömrük təcrübələrinin və biznes qanunlarının beynəlxalq standartlara cavab verməsini təmin etməlidirlər. ABŞ hökuməti bu inkişaf və təkmilləşdirmələrə kömək etməyə hazırdır”,-deyə amerikalı ekspert qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
32
1
azertag.az

2Источники