RU

Konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar edilib » AzadMedia.az


Milli Məclisin deputatı
Xanlar Fətiyev


Bu gün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ili tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın ayının 12-də keçirilən referendumda ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Konstitusiyası ən mütərəqqi və demokratik dəyərlərə söykənir.
Hüquqi nizamlama prosesini müəyyən edən qanunlar arasında ən alisi Konstitusiyadır. Konstitusiya dövlətin quruluşunun, təməlinin əsas prinsiplərini, siyasi, hüquqi və iqtisadi əsaslarını, o cümlədən cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətləri, vətəndaşların hüquqlarını, və məsuliyyətlərini təsbit edir. Elə buna görə də Konstitusiyanı həm də ölkənin Ana Qanunu, yaxud Əsas Qanunu adlandırırlar.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yer alan müddəlardan biri də ölkəmizin yeni Konstitusiyanın hazırlanması ilə bağlı idi. Belə ki, bu sənədin 32-ci maddəsində qeyd olunur ki, Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Aydındır ki, müstəqilliymizin bərpası, yeni siyasi quruluşun və iqtisadi münasibətlərin yaranması hüquqi sferada islahatların həyata keçirilməsini və əsas olaraq da yeni Konstitusiyanın qəbulunu tələb edirdi. Lakin 1991–1993-cü illərdə hakimiyyətdə olan qüvvələr bu barədə düşünmək belə istəmədilər. Həmin dövrdə Konstitusiya Aktından irəli gələn vəzifələrin yerinə yetirilməsi, müstəqil dövlətçiliyin hüquqi və siyasi əsaslarının formalaşdırılması işi həyata keçirilmədi.
Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamızda siyasi rəhbərliyə gəlişindən sonra yeni Konstitusiyanın hazırlanması istiqamətində işlərə başlanıldı. Ümummilli Lider Konstitusiyanın layihəsi üzərində böyük əmək sərf etdi. Çünki qəbul ediləcək yeni Konstitusiya respublikamızın bəyan etdiyi prinsiplərə, o cümlədən, dövrün tələb və çağırışlarına cavab verməli, xalqımızın milli maraqlarını, mənəvi dəyərlərini və demokratik meyarları özündə ehtiva edən mütərəqqi sənəd olmalı idi. Həmin dövrdə dəfələrlə layihənin müzakirəsi aparıldı.
"Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" -deyə Heydər Əliyev müzakirələr zamanı bildirmişdi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində qəbul edildi, noyabrın 27-də isə qüvvəyə mindi. Bu mühüm siyasi hadisə tariximizə Heydər Əliyevin dövlət və xalq qarşısındakı ən böyük xidmətlərindən biri kimi həkk olundu. Hər bir vətəndaşın, Azərbaycan cəmiyyətinin və dövlətinin həyatında mühüm tarixi hadisə olan Konstitusiyanın qəbul edilməsi gününü əbədiləşdirmək və təntənəli qeyd etmək məqsədi ilə Ulu Öndərin 1995-ci il dekabrın 15-də imzaladığı müvafiq fərmanla noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası günü elan edildi.
Azərbaycan Konstitusiyası qəbul edildikdən və qüvvəyə mindikdən sonra respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradaraq, inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Yeni Konstitusiya insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır” – deyə Prezidenti İlham Əliyev bildirib.
Əlbəttə, zaman, inkişaf və cəmiyyət həyatında baş verən dəyişikliklər qanunvericilikdə, o cümlədən Əsas Qanun olan Konstitusiyada da dəyişikliklərin edilməsini qaçılmaz edir. Ən ali hüquqi qüvvəyə malik Konstitusiya da zamanın çağırışlarına cavab verməli, daim inkişafda olmalıdır. Bu baxımdan respublikamızda əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Konstitusiyada da bir neçə dəfə dəyişikliklər edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldi. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamızın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması niyyətlərdən biri kimi bəyan olunub. 11-ci maddəyə əsasən isə respublikamızın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Lakin torpaqlarımızın işğalı səbəbindən dövlətimizin konstitusion əsasları kobud şəkildə pozulmuşdu. O cümlədən Azərbaycan vətəndaşlarının mülkiyyət, təhlükəsiz yaşamaq kimi konstituson haqqı tapdalanmışdı. Bu mənada bir neçə gün əvvəl başa çatmasının 5-ci ili tamam olan Vətən müharibəsinin və 2023-cü ilin antiterror tədbirlərinin nəticəsi olaraq Konstitusiyamızın hüquqi qüvvəsi Qarabağ və Şərqi Zəngəzurda bərqərar edilib.
Zəfərimizin 5-ci, Konstitusiyamızın isə qəbulunun 30-cu ildönümü ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu qərar siyasi və hüquqi tariximizə ali ehtiramın göstəricisi olaraq, ərazi bütövlüyümüzün bərpasından sonra daxil olduğumuz yeni mərhələdə qarşıda dayanan ideoloji vəzifələrin yerinə yetirilməsi baxımından siyasi-ictimai əhəmiyyət kəsb edir.
Bütövlükdə, artıq Azərbaycan ictimaiyyəti 12 noyabr Konstitusiya Gününü əvvəlki illərlə müqayisədə fərqli və daha dolğun qarşılayır. Çünki Konstitusiyamızda bəyan olunan başlıca niyyətlərdən biri - ərazi bütövlüyümüz artıq bərpa edilib.

Избранный
30
2
azadmedia.az

3Источники