RU

Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV

Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il keçir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bununla bağlı məqalə yazıb.

Modern.az həmin məqaləni təqdim edir:

"Bu Konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir".

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

"Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu il Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisənin - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin beşinci və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur. Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan edilmiş niyyətlərdən biri kimi ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bu Sərəncam müasir dövlətçilik tariximizdə əldə edilən parlaq Zəfərin hüquqi-siyasi təsdiqidir.

Bu sənədin imzalanması dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi, həmçinin konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi və təbliği istiqamətində atılan vacib addımlardandır.

Eyni zamanda, cari ilin "Konstitusiya və Suverenlik İli" elan olunması tarixi yaddaşla gələcəyə baxışın vəhdətini əks etdirməklə, milli birliyin möhkəmləndirilməsi və gələcək prioritetlərin müəyyən edilməsi üçün əlverişli şərait yaradır.

Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Belə ki, milli dövlətçilik milli özünüdərkin ifadəsidir. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu bir sıra mühüm faktorlar müəyyən edir. Bizim tariximiz azadlıq, müstəqillik uğrunda çətin və eyni zamanda şərəfli mübarizə yolu ilə zəngindir. Azərbaycan xalqı müstəqillik uğrunda əzmlə mübarizə aparmış və bu yolda bir çox çətinliklərlə üzləşmişdir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də, bu illərdə ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşdi. Müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Ölkəmizə qarşı hərbi təcavüz və torpaqlarımızın işğalı, digər tərəfdən ölkədaxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə yaratmışdı. O dövrdə ölkəmizdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, həmçinin ölkəmizin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurmasının güclənməsi onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ümummilli Lider Heydər Əliyev kimi prinsipial, güclü və iradəli lider xilas edə bilər.

Məhz Ulu Öndər Heydər Əliyevin o böhranlı günlərdə xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra bu mürəkkəb vəziyyətin qarşısını almaq mümkün oldu. Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması istiqamətində həlledici addımlar atıldı, ölkədə mövcud olan xaosun, özbaşınalığın qarşısı alındı, cəmiyyətdə ictimai-siyasi sabitlik təmin edildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin formalaşdırıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin dövlətimiz və xalqımız üçün həlledici məqamlarda böyük liderlik nümayiş etdirərək həyata keçirdiyi xilaskarlıq missiyası haqqında demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".

Məlumdur ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında ölkənin yeni Konstitusiyasının hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, həmçinin vahid siyasi iradənin olmaması Əsas Qanunun hazırlanaraq qəbul edilməsini mümkünsüz etmişdir.

Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulu ideyasının irəli sürülməsində, eyni zamanda onun layihəsinin hazırlanmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni Konstitusiyanın hazırlanaraq qəbul edilməsi məsələsi ön plana çəkilmişdir. 1995-ci il mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq edildi.

Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, layihənin açıq müzakirələrini təşkil etməklə onun ən təkmil şəkildə qəbul edilməsini təmin etmək üçün böyük əmək sərf etmişdir.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq".

Eyni zamanda, 1995-ci il 24 noyabr tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqi zamanı Ulu Öndər Heydər Əliyev Konstitusiyanın bəzi cəhətlərini xüsusilə vurğulamışdır: "Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından daim istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi bu vacib əsaslar mahiyyət etibarilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynadı.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Bu tarixi hadisə ölkəmizdə yeni konstitusionalizm nəzəriyyəsi və təcrübəsinin formalaşmasının əsasını qoydu.

O da qeyd edilməlidir ki, hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü hüquqi dövlətçilik ənənələrinin təbliği, hüquq mədəniyyətinin gücləndirilməsi və milli müstəqillik ideyalarının möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Əsas Qanunun qəbulu müasir Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri olmaqla yanaşı, dövlətçiliyin möhkəmləndirilməsi baxımından çox vacib ictimai-siyasi hadisə oldu. Konstitusiya dövlətin və xalqın milli maraqlarını, həmçinin ölkəmizin özünəməxsus xüsusiyyətlərini özündə əks etdirməklə, dövrün çağırışlarına və tələblərinə tam cavab verən mükəmməl sənəd olaraq qəbul edildi. Gərgin əməyin məhsulu olan Konstitusiya dolğunluğu ilə seçilərək, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin inkişafı üçün hərtərəfli zəmin yaratdı.

Konstitusiya ən mühüm, ali hüquqi sənəddir və ölkənin siyasi, iqtisadi və hüquqi inkişafını istiqamətləndirən əsas qaydaları müəyyən edir. Konstitusiyanın qəbul edilməsi ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, gələcək nailiyyətlərin hüquqi bazası qismində çıxış etdi. Bu mühüm məqam ilə bağlı Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan 2024-cü il 28 dekabr tarixli Sərəncamda qeyd edilmişdir: "Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır".

Konstitusiya, suverenlik və dövlətçilik bir-birini tamamlayan anlayışlar olmaqla, dövlət quruculuğunun ayrılmaz dəyərləridir. Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və dövlətçilik amili isə dövlətin siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını, həmçinin milli kimliyini və birliyini ifadə edir. Suverenlik və dövlətçilik müstəqil dövlətin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir.

Konstitusiyada öz əksini tapan prinsiplər, müddəalar dövlət və xalq birliyinin iradəsinin təcəssümüdür. Dövlətin qanunvericilik sisteminin bünövrəsini, əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatı kimi çıxış edir. Bu Ali Qanun xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların əsas vəzifələri, hakimiyyətlərin bölünməsi, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını və digər bir sıra mühüm müddəaları ehtiva edir.

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Konstitusiyamızın preambulasında bəyan olunan ülvi niyyətlərdir. Burada əksini tapan müddəalar ümumilikdə Konstitusiyanın mütərəqqi dəyərlərini, gələcəklə bağlı niyyət və hədəfləri əks etdirir.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olaraq müəyyənləşdirilməsi, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi ilə bağlı müddəalar xüsusi əhəmiyyət kəsb edir.

Konstitusiyada dövlət və cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən prinsiplər geniş şəkildə təsbit edilir. Əsas Qanun xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.

Vurğulanmalıdır ki, hüquqi dövlətdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Konstitusiyada həmin hüquqlar və azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. İnsan və vətəndaş hüquq və azadlıqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində əsas hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.

Əsas Qanunda, həmçinin Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat verilməsi və digər bir sıra mühüm müddəalar öz əksini tapmışdır.

Məlum olduğu kimi, konstitusiyaların əsas hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi sahəsində şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən münasibətlər və hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur. Bu baxımdan, konstitusiyaların zərurət yarandığı təqdirdə təkmilləşdirilməsi, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsi labüd olur.

Ötən illər ərzində dəyişilən sosial-siyasi reallıq səbəbindən 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun mətninə müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyaya edilmiş bu mühüm əlavə və dəyişikliklər hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar olmasının, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə göstərilən diqqətin təzahürü olmaqla, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, bütövlükdə dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədlərinə xidmət etmişdir.

Qeyd edilməlidir ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın mütərəqqi xüsusiyyətlərindən biri ali konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılan və artıq 27 ildir fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Qeyd edilməlidir ki, konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının səmərəli mexanizmlərindən biri olmaqla, həmçinin hüquqi dövlətin mühüm institutlarından biri olaraq qəbul edilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 604 qərar və 182 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Bu qərarlardan və orada əks olunmuş hüquqi mövqelərdən bəziləri xüsusilə qeyd edilməlidir.

Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası"nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələrinə, 41-ci maddəsinin I hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin l və ll hissələrinə və 149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair" 2025-ci il 22 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yalnız bilik əldə etmək imkanı ilə məhdudlaşmayaraq şəxsin cəmiyyətdə layiqli mövqe tutmasına şərait yaradan, fərdi inkişafı, eləcə də cəmiyyətin sosial-iqtisadi tərəqqisini təmin edən əsas vasitə kimi təhsil hüququnun qorunması və təmin edilməsi hüquqi dövlətin mühüm göstəricisidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dərslərdə iştirak etməmənin üzrlü səbəblərdən də baş verə biləcəyinin mümkünlüyü nəzərə alınaraq "Təhsil haqqında" Qanunun 32.5.1-1-ci maddəsi ilə məhz üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verilməməsi təhsilalanların vəzifəsi kimi müəyyən olunmuşdur.

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, üzrlü səbəbdən auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbədən fənni yenidən dinləməsi üçün ödəniş alınması Konstitusiyanın 42-ci maddəsinin I hissəsində təsbit edilən təhsil almaq hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına səbəb olur.

Qeyd edilmişdir ki, üzrlü səbəbə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin təhsil hüququnun təmin olunması məqsədilə Qərarda sadalanan Qaydalarda qeyd edilən məsələlərin aydın şəkildə və ətraflı tənzimlənməsi Konstitusiyadan irəli gələn tələblərə cavab vermiş olardı.

Həmçinin, Qərarda əks olunmuşdur ki, milli yığma komandaların üzvləri olan idmançı-tələbələr beynəlxalq miqyaslı yarışlarda ölkəni təmsil etməklə idmanın inkişafında əhəmiyyətli rol oynayırlar. Bu baxımdan, idman yarışlarında iştirak edən tələbələrə dərslərə davamiyyətlə bağlı güzəştlərin tətbiq edilməsi fərdi imtiyazın müəyyən olunmasına deyil, ictimai əhəmiyyətli məqsədlərə xidmət edir.

Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, fərqli rəftar (milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə güzəştin müəyyən edilməsi) ilə qarşıya qoyulan qanuni məqsəd (yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda ölkəni şərəflə təmsil etməsi üçün lazımi şəraitin yaradılması) arasında ağlabatan mütənasiblik olmaqla, həmin rəftar ayrı-seçkilik xarakteri daşımır.

Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki, 2013-cü il 24 dekabr tarixli Qaydaların 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli Qaydaların 3.2.24-cü və 2022-ci il 9 mart Qaydanın 3.2.25-ci yarımbəndləri Konstitusiyanın 25-ci maddəsinin I, lll–V hissələri, 41-ci maddəsinin I hissəsi, 42-ci maddəsinin I hissəsi, 71-ci maddəsinin l və ll hissələri və 149-cu maddəsinin I, III və V hissələri ilə ziddiyyət yaratmır.

Həmçinin, Konstitusiyanın 42-ci maddəsinin I, IV hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələrin təhsil hüquqlarının təmin edilməsi üçün yuxarıda qeyd olunan Qaydaların təkmilləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun digər qərarı, Azərbaycan Respublikasının Prokurorluğunun sorğusu əsasında qəbul edilən "Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair" 2025-ci il 30 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, cinayət qanunvericiliyində Azərbaycan Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xarici ölkədə törətmiş olduqları cinayətlərə görə məhkum edilərkən cəzanın yuxarı həddinin cinayətin törədildiyi ölkənin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi ilə məhdudlaşdırılması cinayətə görə məsuliyyətin, cəzanın məhz əməlin ictimai münasibətlərə vurduğu zərərə, bununla da ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsindən irəli gəlir.

Əks yanaşma, yəni şəxsin, əməlinin baş verdiyi ölkədə ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq nəzərdə tutulmuş məsuliyyət həddindən artıq məsuliyyətə cəlb edilməsi cəzanın mahiyyət və məqsədlərinə uyğun olmazdı.

Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Həmçinin qeyd edilmişdir ki, törədilmiş əmələ görə təyin edilən cəza ilə həmin əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında gözlənilən proporsionallıq cəzanın ədalətlilik meyarı kimi çıxış edir. Odur ki, ədalətin bərpası təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olduğu təqdirdə mümkündür.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edərək göstərmişdir ki, cəzanın aşağı həddinin, habelə daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə nail olmağa imkan verdiyi və şəxsin islah olunmasına kifayət etdiyi hallarda onun tətbiqi ədalətli cəza kimi müəyyən edilmişdir.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.

Bu gün bir çox digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi qarşısında yeni çağırışlar və tələblər dayanır. Müasir dövrdə məhkəmə-hüquq sisteminin, o cümlədən ədalət mühakiməsinin inkişafı hüquqi islahatlarla yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır. Ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, eyni zamanda innovativ texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciətində qarşıda duran vəzifələr və hədəflər barədə müvafiq fəaliyyət istiqamətləri müəyyən edilmişdir: "Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir".

Qeyd edilməlidir ki, konstitusiya ədalət mühakiməsi orqanları qarşısında da duran mühüm vəzifələrdən biri bu sahədəki mütərəqqi milli təcrübə ilə yanaşı, müasir inkişaf meyillərinin davamlı olaraq izlənilməsi, təhlili və fəaliyyətdə tətbiq edilməsidir. Öz növbəsində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən xarici ölkələrin Konstitusiya Məhkəmələri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına və bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Vurğulanmalıdır ki, həyata keçirilən beynəlxalq əməkdaşlıq informasiya mübadiləsinin genişləndirilməsi, hüquqi bilik və təcrübənin paylaşılması baxımından əhəmiyyətli rol oynayır.

Bu sahədə mötəbər beynəlxalq tədbirlərdən biri cari ilin 28-30 oktyabr tarixlərində Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının "Gələcək nəsillərin insan hüquqları" mövzusunda İspaniyanın Madrid şəhərində keçirilmiş VI Konqresi oldu. Konqresin işi "Təbii ehtiyatların və ətraf mühitin qorunması, "Bəşəriyyətin mədəni irsinin qorunması", "Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq", "Konstitusiya Məhkəmələrinin müstəqilliyi" adlı dörd sessiyadan ibarət olmuş, tədbir çərçivəsində bir sıra mühüm və aktual mövzular ətrafında fikir mübadiləsi aparılmış, məruzələr dinlənilmişdir.

Beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində bu cür tədbirlərin keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi baxımından əlverişli imkanlar yaradır, həmçinin yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün mühüm platforma qismində çıxış edir.

Hər bir xalqın tarixində elə vacib əhəmiyyət kəsb edən hadisələr olur ki, onlar həmin xalqın, dövlətin gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsasını qoyur. Bir daha vurğulanmalıdır ki, 2025-ci il bizim hər birimiz üçün ikiqat əlamətdardır. 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu və İkinci Qarabağ müharibəsində parlaq Qələbənin 5-ci ildönümü bu ili olduqca əlamətdar edir. Əminliklə demək olar ki, 2025-ci il hüquqi dövlət quruculuğunun mühüm mərhələsini simvolizə edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı hərbi-siyasi Zəfər müasir tariximizin ən mühüm hadisəsidir. 44 gün davam edən və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətimizin ərazi bütövlüyü uğrunda cəsarət və şərəflə mübarizə apararaq tarixi Qələbə qazandı, xalqımızı Zəfərə qovuşduran Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin davamı olaraq, 2023-cü ilin sentyabrında 24 saatdan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərimizdə bərqərar oldu. 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.

2023-cü il oktyabrın 15-də Dövlət başçısı cənab İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Bu addım yalnız siyasi-ideoloji mahiyyət kəsb etməməklə, eyni zamanda, suverenliyin bütün ölkə ərazisində bərpa olunduğunu hüquqi-siyasi müstəvidə təsdiq etdi. Uzun illər ərzində işğal altında olan ərazilərimizdə Konstitusiyada təsbit edilən hüquqların tətbiqi mümkün deyildi. 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi nəticəsində respublikamızın ərazisi ilə bağlı bir sıra mühüm konstitusiya müddəalarının yerinə yetirilməsi tam şəkildə təmin olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 14 sentyabr tarixində Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü zamanı qeyd etmişdir: "Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik".

Qazanılan Qələbə Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial mövqeyi, uzaqgörən siyasəti, o cümlədən əsgər və zabitlərimizin qəhrəmanlığı, mübarizə əzmi, xalqımızın birliyi, milli ruhu və vətən sevgisi nəticəsində mümkün oldu.

Hazırda Cənubi Qafqaz regionu yeni tarixi inkişaf mərhələsindədir. Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. Cari ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə rəsmi səfəri ölkə diplomatiyası tarixində mühüm hadisə oldu. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər, imzalanan əhəmiyyətli sənədlər və əldə olunan razılaşmalar sadəcə region üçün deyil, eyni zamanda qlobal geosiyasi müstəvidə dövlətimiz üçün mühüm üstünlüklər yaratdı.

Vaşinqton görüşünün mühüm nəticələrindən biri də regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində TRIPP marşrutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: "...Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər...".

Qeyd edilməlidir ki, Vaşinqton razılaşmaları, əldə olunan tarixi nəticələr müasir tariximizin mühüm siyasi hadisələrindən biri kimi nəzərdən keçirilir. Bu razılaşmalar dövlətçiliyimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli diplomatiyasının və müdrik liderliyinin ən bariz göstəricisidir. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Vaşinqtonda əldə edilən razılaşmalar Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm tarixi nailiyyətlərdən biridir və onun məhz "Konstitusiya və Suverenlik İli"nə təsadüf etməsi dərin rəmzi xarakter daşıyır.

Bu gün dövlətimiz bir çox sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Azərbaycanın dövlət suverenliyi tam, ərazisi bütöv, sərhədləri isə toxunulmazdır. Hazırda qarşıda duran ən önəmli məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsidir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bütövlükdə regionun iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını qoyub. Bu ərazilər bütün əsas infrastruktur, yollar, elektrik, su, rabitə və digər zəruri xidmətlərlə təmin edilir. Qarabağın zəngin təbiəti, əlverişli iqlimi, kənd təsərrüfatı üçün geniş imkanları, turizm və sənaye sahələrində böyük potensialı bu əraziləri investisiya baxımından cəlbedici məkana çevirir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi sayəsində Qarabağ və Şərqi Zəngəzurda qabaqcıl texnologiyalara əsaslanan yeni inkişaf modeli reallaşdırılır. Bu prosesin ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və dəmir yolları salınır, yeni tunellər, körpülər inşa olunur, "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, beynəlxalq hava limanları inşa olunaraq istifadəyə verilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur eyni zamanda "yaşıl enerji zonası" elan edilərək, burada günəş, külək və hidroenerji layihələri sürətlə icra olunur.

Mühüm məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrimizin bərpa edilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə görülən işlər bu ərazilərin dirçəlişinə, inkişafına, eyni zamanda milli yaddaşımızın bərpasına mühüm töhfədir.

Həmçinin, bölgədəki mədəni tədbirlərin keçirilməsi ənənələri bərpa edilir. Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi, bu il "Mədəniyyət rüzgarı" adı altında silsilə və digər bir sıra tədbirlərin keçirilməsi işğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, mədəniyyətin yenidən canlandırılması işinin mühüm hissəsidir.

İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinin aparılması ilə bərabər, bu torpaqlara yerli əhalinin qayıtması, burada əhalinin dayanıqlı məskunlaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər uzun illər boyu həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıdır. Artıq minlərlə insan doğma torpaqlarına qayıdıb, yaşayış üçün zəruri olan sosial xidmət və kommunikasiya infrastrukturu ilə təmin olunub.

Bu gün Azərbaycan gələcəyə doğru inamla addımlayır. Regionun lideri olan ölkəmiz beynəlxalq müstəvidə də söz sahibi olan dövlətlər sırasına daxildir. Vətən müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi "Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".

Ölkəmiz regiondakı iqtisadi-siyasi proseslərin əsas iştirakçısıdır. Məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr ümumilikdə regionun təhlükəsizliyinə, iqtisadi inkişafına öz mühüm töhfəsini verir. Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət nəticəsində beynəlxalq aləmdə nüfuzu daha da artan ölkəmizlə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək istəyində olan ölkələrin sayı da getdikcə artır.

Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana çevrilib. Ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi baxımından bir nümunə olduğunu deyə bilərik. Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərdən biri bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunları oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışında qeyd etmişdir ki, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Əminliklə demək olar ki, son beş ildə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə daxil olmuşdur. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə daha da güclənərək özünün qüdrətli dövrünü yaşayır.

Dünya nizamının özünün çətin dövrünü yaşadığı, beynəlxalq müstəvidə mürəkkəb proseslərin baş verdiyi zamanda, Azərbaycan əlaqələrini davamlı şəkildə şaxələndirir, dünya ölkələri sırasında tərəfdaşlarının sayını artırır. Ölkəmiz beynəlxalq miqyasda siyasi dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və eyni zamanda təşəbbüskarıdır.

Bütövlükdə 2025-ci ilin bir sıra mühüm siyasi hadisələri bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik prinsiplərinə sadiq lider olmaqla, milli maraqlara əsaslanaraq həyata keçirdiyi xarici siyasət, diplomatiya və strateji baxışlar sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.

Vətən müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar dövründə ölkəmizin çoxvektorlu xarici siyasət kursunda Türk dünyası ilə əməkdaşlıq, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Böyük coğrafiyanı əhatə edən Türk dövlətləri və xalqları ümumi tarixi köklər, ortaq zəngin mədəni irs, ədəbiyyat, adət-ənənə, milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlıdır. Ortaq tarixi və etnik köklər, dəyərlər, ənənələr üzərində təşəkkül tapmış bu dostluq və qardaşlıq münasibətləri dünyada bənzəri olmayan həmrəylik nümunəsidir.

Türk dövlətlər arasında müxtəlif sahələri əhatə edən əlaqələr ildən-ilə daha da genişlənir və möhkəmlənir. Bu əlaqələrinin genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu olduqca böyükdür. Ölkəmiz təməli 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulan Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır və bu Təşkilatı üzv və müşahidəçi ölkələrlə səmərəli əməkdaşlıq üçün mühüm platforma olaraq qəbul edir.

Dövlətimizin başçısı cənab İlham Əliyev cari ilin oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu qeyd edərək, bu gün Türk Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmçinin qeyd etmişdir ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Qəbələ Zirvə görüşündə gələcək illər üçün əməkdaşlıq prioritetlərini, strateji hədəfləri müəyyən edən Qəbələ Bəyannaməsinin imzalanması, həmçinin "TDT+" formatının təsis edilməsi, Beynəlxalq Türksoy Təşkilatının gücləndirilməsi qərarı xüsusi əhəmiyyət kəsb etdi.

Qeyd edilməlidir ki, Azərbaycan dövlətinin dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Bir çox xarici dövlətlərlə, mötəbər beynəlxalq təşkilatlarla milli maraqları qorumaqla qarşılıqlı hörmət və ehtiram əsasında qurulan əməkdaşlıq münasibətləri ölkəmizə etibarlı tərəfdaş imicini qazandırıb. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir sıra mühüm əhəmiyyət kəsb edən qərarların qəbulunda və icrasında yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə cari ilin avqustun sonu - sentyabrın əvvəlində Çin Xalq Respublikasına işgüzar səfəri, keçirdiyi görüşlər, "ŞƏT plyus" formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirakı bir daha onu göstərdi ki, Dövlət başçısı cənab İlham Əliyev beynəlxalq miqyasda böyük ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə yüksək nüfuza malik dövlətdir.

Həmçinin, Dövlət başçısı cənab İlham Əliyev cari ilin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak edib. Dövlətimizin başçısı sammit çərçivəsində bir sıra dövlət, hökumət başçıları, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşlər keçirdi. Mühüm məqamlardan biri odur ki, keçirilən görüşlər qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu ölkəmizin artan geosiyasi əhəmiyyətinin, Avropa liderlərinin Azərbaycana olan marağının, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzuna, həyata keçirdiyi siyasətə etimadın və ehtiramın bariz nümunəsidir.

Ölkəmiz ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ilə hər zaman ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin yaratdığı problemləri vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı çıxışında bu reallığı da qeyd edib ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qlobal təhlükəsizliklə bağlı beynəlxalq ictimaiyyətə mühüm çağırışları səsləndirərək xüsusilə vurğuladı: "Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".

Bir daha qeyd edilməlidir ki, 2025-ci il dövlətçilik tariximizdə "Konstitusiya və Suverenlik İli" kimi xüsusi əhəmiyyət və məna daşıyır. Bu il ölkənin milli müstəqilliyi, ərazi bütövlüyü və qanunvericilik prinsiplərinin gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır. Ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, milli suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin göstəricisidir. Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımızın birliyi və həmrəyliyinin ifadəsi, yüzilliklərin dövlətçilik ənənələrinin məntiqi davamı olmaqla, milli şüurun, milli dəyərlərin qorunmasına xidmət edir. Möhtərəm cənab Prezidentin bu Sərəncamı eyni zamanda hüquqi dövlətə sadiq qalmaq, ölkə Konstitusiyasına hörmətlə yanaşmaq, onun müddəalarını həyata keçirməklə bağlı gələcək nəsillərə ünvanlanmış bir çağırışdır.

Olduqca qürurverici haldır ki, bizim qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətənimiz var. Xalqımız bu gün öz müstəqil və suveren dövlətinə sahibdir, mübarizə ilə əldə edilən suverenlik onun milli sərvətinə çevrilmişdir. Hər bir azərbaycanlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin, ölkənin bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin tam bərqərar olunmasının sonsuz sevincini, qürurunu yaşayır. Bu böyük Qələbə hər birimizi yeni nailiyyətlərə ruhlandırır.

Tam əminliklə bildirmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütöv və suveren dövlətimiz tarixi uğurlara imza atmaqda davam edəcək, növbəti dövrdə də inkişafının mühüm mərhələsini yaşayacaq. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqını bu il beşinci ildönümünü qeyd etdiyimiz 8 Noyabr - Zəfər Günü, həmçinin 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə Konstitusiya Məhkəməsi adından təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.

Избранный
6
5
modern.az

10Источники