RU

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.

8-9 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş "Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya - Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə" mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.

Səfərdə VK-nın sədr müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi Gözəl Hüseynzadə də iştirak ediblər.

Konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.  

Konfransda VK-nın sədri Anar Bağırov "Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu" mövzusunda çıxış edərək son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb.  

Sədr bildirib ki, bu islahatların nəticəsi olaraq vəkillərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur, həmçinin vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının, dövlət hesabına həyata keçirilən hüquqi yardıma dair ayrılan büdcə və göstərilən dəstəyin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.

Eyni zamanda Anar Bağırov qeyd edib ki, VK bu gün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və digər aidiyyəti dövlət qurumlarında öz nümayəndələri ilə təmsil olunur. Sədr söyləyib ki, bu, vəkillik institutunun hüquq sistemində yalnız müdafiə funksiyası ilə deyil, həm də məhkəmə hakimiyyətinin səmərəli fəaliyyətinə töhfə verən tərəf kimi tanınmasının göstəricisidir.

Həmçinin Anar Bağırov vurğulayıb ki, Kollegiya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində baxılan bütün işlər üzrə mütəxəssis mülahizəsi təqdim edir. Sədr əlavə edib ki, bu proses Kollegiyanın ölkənin hüquqi mövqeyinin formalaşmasına və hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsinə müstəqil şəkildə xidmət etdiyinin göstəricisidir.   

Sədr çıxışının davamında son illər ərzində VK ilə GVK arasında formalaşmış dostluq və qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan vəkilləri tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb

Konfransın sonunda iştirakçılar üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı GVK-nın sədri David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı təqdim edilib.

Öz növbəsində, Anar Bağırov da David Asatianiyə Kollegiyanın "Fəxri vəkili" diplomunu və rəmzi vəkil mantiyasını təqdim edib. Eyni zamanda GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
12
olaylar.az

10Источники