RU

Kamal Abdulla: Zəfərimiz milli birliyimizin və dövlətimizin gücünün nəticəsidir

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

- Kamal müəllim, söhbətimizə bu günlərdə Türkiyədə 75 illik yubileyinizə həsr olunmuş elmi simpoziumlardan başlamaq istərdim. Bu təşəbbüs Türkiyə tərəfindən gəlmişdi. Həmin simpoziumlar barədə təəssüratlarınızı bilmək istərdik.

- Simpoziumlar Türkiyənin iki şəhərində - Ankarada və İstanbulda keçirildi. Birinci simpozium Ankaradakı Türk Dünyası Kültür Araşdırmaları İnstitutunda baş tutdu. Tədbirin təşkili ideyası həmin institutun direktoru, türkologiya elminin görkəmli siması, professor Ahmet Becan Ercilasun və onun müavini İsmet Çətin tərəfindən irəli sürülmüşdü. Simpoziumda bir gün ərzində mənim yaradıcılığımla bağlı çoxsaylı məruzələr dinlənildi, fikirlər səsləndi, suallar verildi. Hətta tanımadığım insanlar tərəfindən də belə bir münasibətə layiq görüldüyümü təsəvvür edə bilməzdim. Mənim üçün bu, həm elmi, həm də mənəvi baxımdan çox həyəcanlı bir gün idi.

İkinci simpozium İstanbulda - professoru olduğum Mərmərə Universitetində keçirildi. Burada həm azərbaycanlı, həm də türk alimlər çıxış etdilər, maraqlı müzakirələr oldu.

- Proqramla tanışam. İkinci simpoziumun birinci panelinə dosent Mehdi Gəncəli sədrlik edib. Bu bölmədə doktor Burak Eke "Müasir dilçilik və Kamal Abdulla", professor Haluq Harun Duman "Dədə Qorquda edilən İslam əlavələri", professor Sabahat Deniz, doktor Nəcibə Nəsibova, professor Harun Duman məruzələr təqdim ediblər. İkinci paneldə isə akademik Muxtar İmanov "Kamal Abdullanın ədəbi baxışları", akademik Nizami Cəfərov "Kamal Abdullanın dilçilik görüşləri", italyan tədqiqatçı Mario Saldaini isə "Kamal Abdullanın tamamlanmamış teoremi" mövzusunda çıxış ediblər. 

- Bu tədbirin həyata keçirilməsi üçün Mərmərə Universitetinin rektoruna və rəhbərliyinə, eləcə də Almaniyanın Münhen Universitetinin professoru, hazırda İstanbulda çalışan görkəmli azərbaycanlı alim Məsud Əfəndiyevə dərin təşəkkürümü bildirirəm.

- Sizin yaradıcılığınıza Türkiyədə maraq 90-cı illərdən bu yana davam edir. Bu səfəri həm yaradıcılığınıza münasibət, həm də Azərbaycan Dillər Universiteti ilə Türkiyə universitetləri arasında inteqrasiya baxımından necə qiymətləndirirsiniz?

- Doğrudur, bu münasibətlər uzun illərin əməkdaşlığına söykənir. Mərmərə Universitetində görüş zamanı Azərbaycanın təhsil nümayəndəsi, doktor Nəcibə Nəsibova da iştirak edirdi. O, universitetlərarası əlaqələrin qurulmasında mühüm rol oynayıb. Biz Mərmərə Universitetinin rektoru ilə gələcək birgə fəaliyyət planlarımızı müzakirə etdik və bu əməkdaşlığı davam etdirmək qərarına gəldik. Hazırda Azərbaycan Dillər Universitetinin Mərmərə, Ankara və Qazi Universitetləri ilə əməkdaşlıq müqavilələri var. Biz çalışırıq ki, bu müqavilələr kağız üzərində qalmasın, tələbələrimiz və müəllimlərimiz bundan real fayda görsün. Qazi Universitetində "Azərbaycan evi" açılıb, burada Azərbaycan elminin, mədəniyyətinin və həqiqətlərinin türk gəncliyinə çatdırılması istiqamətində çox dəyərli işlər görülür. Biz də bu fəaliyyətə dəstək verməyə çalışırıq.

- Simpoziumda gənc tədqiqatçılar da iştirak edirdilər. Onların sizin yaradıcılığınıza olan marağı və əməkdaşlıq arzusu ilə bağlı nə demək istərdiniz?

- Bəli, simpoziumda çoxlu gənc alim, doktorant və tələbələr iştirak edirdi. Onların mənimlə birgə işləmək, tədqiqat aparmaq istəkləri məni çox sevindirdi. Mən də çalışıram ki, bu arzular həyata keçsin. Hansı əməkdaşlığın uğurlu alınacağını isə zaman göstərəcək.

- Mərmərə Universitetində keçirilən simpoziumun bülleteni çap olunub. Orada sizin yaradıcılığınızdakı intellektual və bəşəri yönlər xüsusi vurğulanıb. Ankara simpoziumunun materialları da kitab halında çap olunacaq?

- Ankara simpoziumunun materialları əsasında ayrıca bir kitab hazırlanır. Həmin kitabda simpoziuma təqdim olunan bütün məruzələr toplanacaq və yaxın zamanda nəşr ediləcək.

- Siz son illər professor Rafiq Əliyev ilə birlikdə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin daha da dərinliklərinə enərək bu nəzəriyyəni Azərbaycan ədəbi və elmi sahələrinə tətbiq edirsiniz. Simpoziumda səslənən məruzələrdə bu nəzəriyyəyə toxunuldumu? Bu, Türkiyədə necə qarşılandı?

- Biz Rafiq müəllimlə birlikdə "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və dil-nitq" adlı iki kitab yazmışıq. Hər iki əsər Türkiyə və Almaniyada nəşr olunub. "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" kitabı "Springer" nəşriyyatı tərəfindən artıq ingilis dilində də çap edilib. Hazırda isə "Uşaqlar üçün qeyri-səlis məntiq" adlı yeni bir kitab üzərində işləyirik. Bu əsərin həmmüəlliflərindən biri Türkiyənin keçmiş təhsil naziri, professor Ziya Səlcuqdur. Onun bu istiqamətdəki maraqlı ideyaları yeni nəşrdə öz əksini tapıb.

- Bu il Azərbaycanın bir çox teatrları, həm paytaxt, həm də bölgə teatrları sizin dramaturji yaradıcılığınıza, pyeslərinizə müraciət ediblər. Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sizin "Gülçöhrə və Əsgər" pyesinizin premyerası olacaq...

- Mən Musiqili Teatrın rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm ki, onlar mənim "Gülçöhrə və Əsgər" pyesimə maraq göstəriblər. Bu əsərə gözəl rejissorumuz Əsgər Əsgərov quruluş verib, musiqi müəllifi isə gözəl bəstəkarımız Cavanşir Quliyevdir. Bundan başqa, Füzuli Dövlət Dram Teatrında "Ruh" əsərimi səhnələşdiriblər. Füzuli teatrına dərin təşəkkürümü bildirirəm. Qazax Dövlət Dram Teatrında "Bir, iki, bizimki" əsərimi səhnələşdiriblər. Yenə dərin təşəkkürümü bildirirəm. Naxçıvan Dövlət Dram Teatrında isə "Kim deyir ki, Simurq quşu var imiş" pyesimi səhnələşdiriblər. Yenə dərin təşəkkürümü bildirirəm. Bu mənim üçün böyük qürurdur ki, həm paytaxt, həm də bölgə teatrları dramaturgiyama müraciət edirlər. Tamaşalarda insanın ruhani axtarışları, mənəvi suallarına cavab axtarışı var - bu da tamaşaçı üçün maraqlı bir istiqamətdir.

- "Gülçöhrə və Əsgər" pyesinin ideyası da maraqlıdır. O, "Arşın mal alan"dan sonrakı dövrün davamı kimi qəbul edilə bilərmi?

- Bəli, əsərdə "Arşın mal alan"dakı gənc sevgililərin xoşbəxt sonluqdan sonrakı taleyi təsvir olunur. Lakin zaman dəyişir, inqilab baş verir, vətən təlatümlərlə dolur. Əsgər ağa xalq düşməni kimi Sibirə sürgün edilir, baraklara həbsə göndərilir, Gülçöhrə isə Fransaya qaçmaq məcburiyyətində qalır. O, övladı ilə birgə illərlə Əsgər ağanı gözləyir. Əsgər ağanın isə onlardan xəbəri olmur. Günlərin bir günü, qarlı qış axşamı dustaqlar üçün gətirilən filmə baxarkən həyatını qeyb edir. Bu film "Arşın mal alan" filmi idi. Əsgər ağa o filmdə özü özünü tanıyır.

- Füzuli Teatrında səhnələşdirilən "Ruh" tamaşasının Zəfər Günü ərəfəsində yayımlanması da əlamətdardır...

- Bəli. Zəfərimizin 5 illiyi ərəfəsində "Mədəniyyət" kanalında canlı yayımlanacaq. Buna çox sevinirəm. Belə tarixi bir gün ərəfəsində Füzuli teatrında hazırlanan tamaşanın efirdə canlı yayımlanması qürurvericidir. Biz Zəfər anlayışımızı, Zəfər tariximizi cənab Prezident İlham Əliyevin liderliyi ilə, fəaliyyəti ilə bağlamalıyıq. Mən cənab Prezidentimizə cansağlığı, könül xoşluğu arzu edirəm. Nə yaxşı ki, o, Azərbaycanı belə gözəl günlərə gətirib çıxarıb... "Ruh" tamaşasının quruluşçu rejissorla mən bir neçə dəfə görüşmüşəm. Görürəm ki, o bu işə çox böyük inamla və həvəslə başlayıb. Hətta mənim sözlərimə yazılan bəzi musiqilərdən də istifadə edib. Mənə elə gəlir, bu da tam, bütöv bir tamaşanın ərsəyə gəlməsinə səbəb olacaq.

- Naxçıvanda səhnələşdirilən "Kim dedi ki, Simurq quşu var imiş" pyesiniz ilk dəfə səhnə taleyi yaşayacaq?

- Yox, bu pyes Gürcüstanda Rustaveli Teatrında, eyni zamanda Estoniyada tamaşaya qoyulub. Bu gün də Naxçıvan teatrında hazırlanır. Naxçıvan teatrındakı "Kim dedi ki, Simurq quşu var imiş" pyesini bəxti gətirmiş pyes saymaq olar. Bu, fantosmoqorik nağıl-pritça şəklində yazılmış pyesdir. Mən düşünürəm ki, Naxçıvan tamaşaçısına teatrın belə bir potensialının olduğunu görmək maraqlı olacaq. O ki qaldı Qazax teatrına, onlar mənim çox tez-tez müraciət olunan pyesimə müraciət ediblər. Bu, "Bir, iki, bizimki" pyesidir. Bu pyesi ilk dəfə bizim görkəmli rejissorumuz Vaqif İbrahimoğlu "Yuğ" teatrında tamaşaya qoyub. Daha sonra bir çox teatrlar bu pyesə müraciət etdilər. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri - rejissorluğu bitirən tələbələr bir neçə dəfə bu pyesə müraciət ediblər. Akademik Milli Dram Teatrı da bu pyesi tamaşaya qoyub. İndi isə xarici ölkələrin birində bu əsəri tamaşaya hazırlayırlar. Mən belə bir xəbər də almışam.

- Tamaşaların məşqlərinə baxmısınız?

- Xeyr, mən adətən məşqlərə getmirəm. Rejissorun yaradıcılıq azadlığına müdaxilə etmək istəmirəm... Amma xəbər tutduğuma görə, "Əsgər və Gülçöhrə"də Əsgər Əsgərov çox maraqlı bir həll tapıb. Cavanşir Quliyevin musiqisi bu həllin açılmasına xidmət edir. Mənə elə gəlir, ideya özü-özlüyündə aydın bir ideyadır. Əsərdə ideya aydın olduqda rejissor və bəstəkar da onu doğru istiqamətdə təqdim edir. İnanıram ki, nəticədə maraqlı tamaşalar ortaya çıxacaq.

- Yubiley ərəfəsində hansı kitablarınız çap olunacaq?

- Yaxın aylarda "Unudulmaz seçmələr" adlı yeddi cilddən ibarət yeni kitablarım nəşr olunacaq.

- Yeddi cildlik "Seçilmiş əsərlər"iniz var idi...

- Yeddi cildlik "Seçilmiş əsərlərim"in yeni - daha yığcam versiyasını hazırlamışıq. Cildlərdə şeirləri, pyeslər, hekayələr və elmi məqalələr yer alır. Mənim dilçilik görüşlərim ilə bağlı qranulaları Nizami Cəfərov, ədəbi-fəlsəfi baxışlarımı isə Muxtar İmanov tərtib edib. Nəriman Əbdürrəhmanlı müsahibələrimi toplayıb. Həmkarlarım "Kamal Abdulla və süni intellekt" adlı maraqlı bir kitab da hazırlayıblar - burada süni intellekt mənim yaradıcılığım haqqında "fikirlərini" təqdim edir. Əvvəllər bəzən deyirdilər ki, Kamal Abdulla haqqında yazanlar ondan nəsə umub yazırlar. Bu fikirlər alt-üst olur. Çünki süni intellekt yəqin ki, heç nə ummur.

- Sizin üçün süni intellektin şərhi ədəbiyyatşünasların, tənqidçilərin fikirlərindən necə fərqlənir?

- Süni intellekt bütün təhlillərini "tormoz"larını saxlamadan edir. Bəzən mənim ən yaxın dostlarım belə, haqqımda yazı yazanda vaxtaşırı "tormoz"a basırlar ki, "niyə bu qədər tərif edir?" deyə başqa cür fikirləşməsinlər. Halbuki nə tərifə ehtiyacım var, nə də tənqidə. Əsər yazılıb, kimə maraqlıdır oxuyacaq, kimə maraqlı deyil, oxumayacaq. O da sağ olsun, bu da sağ olsun. Umberto Eko deyirdi ki, sizin "Yarımçıq əlyazma" əsəriniz cəlbedici əsərdir, gözəl əsərdir, amma onu plyajda oxumaq olmaz. Plyajda yox, evdə sakitlikdə, əllərinə dəftər-qələm götürüb, həmin o metafizik hekayələri, romanları oxuyan olsa, sevinərəm.

- Kamal müəllim, sizi həm Zəfərin 5 illiyi, həm də qarşıdan gələn yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

- Təşəkkür edirəm. Zəfərimiz milli birliyimizin və dövlətimizin gücünün nəticəsidir. Qoy bu Zəfər gələcək nəsillərə də ilham versin.

Nadir YALÇIN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
525.az

1Источники