İlahə Qədimova 2026-2027-ci illərdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən mötəbər yarışlarını idarə edəcək hakimlərin siyahısında yer alıb.
Arena.az bu barədə FIDE-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Qurumun açıqladığı ən yüksək kateqoriyalı referilərin siyahısında dünyadan 24 ədalət təmsilçisi var. Bunlardan 13-ü Avropa ölkələrinin hakimləridir.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi olan İlahə Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. O, cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib.
Dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan Faiq Həsənovun adı bu göstəriciylə ən uzun müddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

