Dövlətçiliyə, azadlığa və ədalətə olan sevginin təntənəsi
Azərbaycanın dövlətçilik salnaməsində elə günlər var ki, həmin tarixlər xalqın yaddaşına həm qürur, həm məsuliyyət, həm də gələcəyə inam hissi kimi həkk olub. 12 noyabr 1995-ci il məhz bu mənada tarixi bir dönüş nöqtəsidir. Həmin gün müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu- milli Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu, sadəcə hüquqi sənəd deyil, azadlığın, milli iradənin və dövlət müstəqilliyinin hüquqi təsdiqi idi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Bu sənəd ölkəmizin gələcək inkişafını istiqamətləndirən, demokratik cəmiyyətin hüquqi çərçivəsini müəyyən edən əsas bələdçi rolunu oynamağa başladı.
XX əsrin sonlarında Sovet imperiyasının süqutu ilə Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqillyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxardı, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmadı, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmadı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Ölkəmizdə baş verən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti, bütün bunlar xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və komissiya üzvləri beynəlxalq hüquq normalarını, milli dövlətçilik ənənələrini və demokratik prinsipləri əsas götürərək sənədin layihəsini hazırladılar. Bu layihə xalqın geniş müzakirəsinə təqdim olunmuş, yüzlərlə təklif və düzəlişlər toplanmışdır. Nəticədə 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti yeni Konstitusiyanın lehinə səs verdi. Beləcə, 27 noyabr 1995-ci ildən etibarən Konstitusiya qüvvəyə mindi və müstəqil dövlətimizin hüquqi bünövrəsini yaratdı. Bu hadisə həm də xalqın öz taleyini azad şəkildə müəyyən etməsinin, milli iradənin və hüquqi dövlətin təntənəsi idi.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin “Hüquqi pasportu” kimi dəyərləndirilir. O, ölkənin siyasi sistemini, idarəetmə formasını, dövlət orqanlarının səlahiyyətlərini və vətəndaş hüquqlarını tənzimləyən əsas sənəddir. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və sair kimi nailiyyətlər təsbit olunmuşdu. Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Konstitusiya beş bölmə, on iki fəsil və 158 maddədən ibarətdir. Burada dövlətin ali məqsədi, xalqın suverenliyi, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquqları, yerli özünüidarəetmə prinsipləri aydın şəkildə təsbit olunub. Əsas müddəalar içərisində qanunun aliliyi, insan hüquq və azadlıqlarının təminatı, dövlətin dünyəvi və demokratik xarakteri xüsusi yer tutur. Bütün bu prinsiplər göstərir ki, Azərbaycan Konstitusiyası həm milli dəyərlərdən, həm də beynəlxalq hüquqi təcrübədən bəhrələnərək formalaşıb. Konstitusiyada “Dövlətin ali məqsədi insan və vətəndaşın hüquq və azadlıqlarını təmin etməkdir” müddəası bu sənədin ruhunu tam ifadə edir.
Konstitusiya qəbul edildiyi gündən cəmiyyətlə birgə inkişaf edib. Azərbaycan xalqının həyat tərzi, iqtisadi quruluşu və dövlət idarəçiliyi dəyişdikcə, Əsas Qanun da yenilənməyə ehtiyac duyub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu. Bu dəyişikliklər nəticəsində insan hüquqlarının qorunması mexanizmləri gücləndirilib, dövlət idarəçiliyi daha çevik və müasir tələblərə uyğunlaşdırılıb, yeni sosial institutların formalaşmasına şərait yaranıb. Beləliklə, Konstitusiya canlı bir sənəd kimi zamanın çağırışlarına uyğun yenilənərək, dövlətin sabit və dinamik inkişafını təmin edib.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır. Hər il bu tarixdə ölkənin bütün bölgələrində təntənəli tədbirlər, elmi konfranslar, maarifləndirici proqramlar və ictimai müzakirələr keçirilir. Məktəblərdə, universitetlərdə Konstitusiyanın mahiyyəti haqqında dərslər, təqdimatlar, müsabiqələr təşkil olunur. Bu günün qeyd edilməsi vətəndaşlara xatırladır ki, Konstitusiya sadəcə dövlətin deyil, həm də hər bir insanın hüquqlarını qoruyan müqəddəs sənəddir. Konstitusiya yalnız dövlətin deyil, həm də vətəndaşın həyat qaydalarını müəyyən edir. O, azadlıq verir, eyni zamanda məsuliyyət tələb edir. Vətəndaş hüquqlarını tanıyan və öz vəzifələrini dərk edən insan hüquqi cəmiyyətin dayağına çevrilir. Bu mənada Konstitusiya bir növ vətəndaşla dövlət arasında müqavilədir. Əgər hər iki tərəf bu müqaviləyə sadiq qalırsa, dövlət inkişaf edir, ədalət və qanunun aliliyi təmin olunur.
Son illərdə Azərbaycanda hüquqi maarifləndirmə, məhkəmə islahatları, elektron xidmətlərin tətbiqi kimi addımlar Konstitusiyanın real həyatda daha səmərəli işləməsinə şərait yaradıb.
XXI əsrdə dünya sürətlə dəyişir. Qlobal çağırışlar, texnoloji inkişaf, yeni insan hüquqları anlayışları dövlətlərin hüquqi sistemlərinə də təsir göstərir. Azərbaycan bu proseslərdə öz Konstitusiyasının prinsiplərinə sadiq qalaraq, dövlətin müstəqilliyini və vətəndaş hüquqlarını qorumaq istiqamətində ardıcıl və davamlı olaraq siyasət yürüdür. Konstitusiya bu gün həm keçmişlə gələcək arasında körpü, həm də dövlətin hüquqi kompası rolunu oynayır. O, xalqın birliyini, dövlətin möhkəmliyini və qanunun aliliyini təmin edən ali sənəddir.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildi. Bu mühüm addım bu il Zəfərimizin beş ilinin, milli Konstitusiyamızın qəbulunun 30 ilinin tamam olmasından irəli gəldi. Artıq 30 ildir ki, Azərbaycan Konstitusiyası ölkəmizin hüquqi və mənəvi dayağı kimi yaşayır. Bu sənəd müstəqil dövlətimizin idarəetmə prinsiplərini, xalqın hüquq və azadlıqlarını, milli ideallarını qoruyur. 12 noyabr – Konstitusiya Günü yalnız hüquqi bayram deyil, həm də dövlətçiliyə, azadlığa və ədalətə olan sevginin təntənəsidir. Bu gün biz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yoluna sadiqliyimizi, dövlətimizin və xalqımızın gələcəyinə olan inamımızı bir daha təsdiq edirik. Konstitusiya həm tariximizdir, həm gələcəyimiz!
Yengibar Əliyev ARETN-nin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, YAP Xətai rayon təşkilatının Xocalı prospekti 30 ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini